Bakı, 20 iyun, AZƏRTAC
Meksikanın şimalında yerləşən Nuevo Leon ştatının Qarsiya şəhərində Corona pivəbişirmə kompaniyasının paylaşdırıcı mərkəzinə naməlum şəxslərin hücumu nəticəsində azı 10 nəfər həlak olub.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, silahlı şəxslər yerli vaxtla saat 14-də mərkəzin binasına daxil olaraq işçiləri atəşə tutublar. Nəticədə 7 nəfər hadisə yerində, daha üç nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.
Hökumət hücumda yerli cinayətkar qruplaşma və narkokartel üzvlərinin əli olduğunu istisna etmir. Eyni zamanda, qarət versiyası üzərində də araşdırma aparılır. Belə ki, hücum edənlər işçilərin pullarını da aparıblar.
Qarsiya şəhərindəki mərkəz ölkənin əsas sənaye şəhəri olan Monterrey yaxınlığındakı mağazalara Corona pivəsinin çatdırılması ilə məşğul idi.
Bu, bir illik nisbi sakitlikdən sonra regionda baş verən ən iri hücumdur. Buna qədər də Nuevo Leon ştatı gündən-günə artan mütəşəkkil cinayətkarlıq səbəbindən daim əziyyət çəkib.