Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ ilə sıx əməkdaşlığını davam etdirib və terrorçu təşkilatlara qarşı fəal şəkildə mübarizə aparıb. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizə ilə bağlı 2014-cü il üzrə hesabatında məlumat verilir.
Hesabatda Azərbaycanda 1999-cu ildə “Terrorizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edildiyi, beynəlxalq standartlara uyğunlaşdırılması üçün bu qanuna düzəlişlər olunduğu diqqətə çatdırılır.
Qeyd edilir ki, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər regional təşkilatların fəal üzvü olan Azərbaycan terrorizmə qarşı mübarizədə, həmçinin NATO ilə birgə fəaliyyətini davam etdirib. Bundan başqa, rəsmi Bakı terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyətini əlaqələndirmək üçün Xəzəryanı ölkələrin işçi qruplarının iclaslarında iştirak edib.
Hesabatda, həmçinin Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) üzvü olan Azərbaycanın terrorçuların maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, qanunsuz silah və sursatın müsadirə edilməsi sahələrində gördüyü işlər və həyata keçirdiyi əməkdaşlıq yüksək qiymətləndirilir.