Bakı, 21 iyun AZƏRTAC
Birinci Avropa Oyunlarının mədəni və idman proqramları çərçivəsində iyunun 21-də klassik bodibilding və fitnes yarışı başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rafael Santonja klassik bodibildinq yarışını izləmək üçün Azərbaycana gəlib.
Rafael Santonja AZƏRTAC-a müsahibəsində Bakıya səfərindən məmnunluğunu dilə gətirib. Birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinə minnətdarlığını bildirən Rafael Santonja ölkəmizdə bir neçə dəfə səfərdə olduğunu, Azərbaycanın sürətli inkişafını heyranlıqla izlədiyini vurğulayıb.
Federasiyanın prezidenti daha sonra deyib: “Azərbaycan gənc, enerjili ölkədir. Prezident İlham Əliyev ilə görüşmək şərəfinə nail olduğum üçün qürur duyuram. Dəbdəbəli binalar, əsrarəngiz küçələr, fantastik alış-veriş mərkəzləri yalnız Prezidentin uğurlu siyasəti nəticəsində mümkün olub. Sürətlə inkişaf edən Bakı digər şəhərlər üçün model və nümunədir. Mən Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkəsi hesab edirəm. Ölkə son dərəcə müasir və doğru yolla irəliləyir. Birinci Avropa Oyunları tarixdə ən önəmli idman yarışlarından biridir. Belə bir mötəbər Avropa Oyunları günlərində bodibildinq yarışlarının təqdimatı bizim üçün çox vacibdir. Bizə bu fürsəti yaratdığına görə Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimova xüsusi təşəkkürümü bildirirəm.
Biz bu idman növünün regional Oyunlarda da təbliğ olunması üçün əzmlə çalışırıq. Bodibildinq yarışları artıq Asiya Oyunları tərkibində keçirilir. Gələcəkdə Avropa Oyunlarına daxil olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bakıda keçirilən klassik bodibildinq və fitnes yarışına 16 ölkədən 40 atletin qatılması onların Olimpiya Oyunları ilə sıx işləməsinə yardımçı ola bilər. Bu atletlərin 24-ü bodibildinq və 12-i fitnes üzrə Avropa çempionatından seçilmiş idmançılardır. Min beş yüz idmançıdan məhz bu güclü atletlərin seçilməsi bir daha bu yarışın nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir.
Bu yaxınlarda Azərbaycandan olan atlet Yelena Kirşina İspaniyada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bu o deməkdir ki, Azərbaycan bu idman növünün inkişafına xüsusi diqqət yetirir. Ölkənizdə bodibildinqə gənclər tərəfindən böyük marağın olması bizi sevindirir”.
Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyevin ölkəmizdə fitnes yarışlarının ilk dəfə keçirildiyini qeyd edib. Bildirib ki, bu yarışlarında tanınmış idmançıların iştirak etməsi tədbirin əhəmiyyətindən xəbər verir. Azərbaycan yarışlara çox güclü komanda çıxarıb.
Bakıda bodibildinq və klassik fitnes üzrə yarışlar başlamazdan üç həftə əvvəl hər bir nominasiyada çıxış edən idmançılar xüsusi testdən keçib. Beləliklə, 16 ölkədən 40 idmançı birinci yer uğrunda mübarizə aparır. Qadın fitnesində iki dünya çempionu Dominika Multanova və Lyudmila Nikitina, dünya çempionu ukraynalı Oksana Orobets, macarıstanlı Nikolet Szabo, dünya çempionatının bürünc medalçısı britaniyalı Emma Paveley, latviyalı Vanesa Belova, ukraynalı Olqa Mohilnitska, kişilərin yarışında dünya çempionu ukraynalı Fedir Kaşalov və Nazar Krakun, macarıstanlı Ferens Rippel, kişilərin klassik bodibildinq yarışında slovakiyalı Adrey Varqa, bolqarıstanlı Valentin Petkov, Azərbaycandan olan dünya çempionu Əli Əmrə, Andrey Lopuşankiy, rusiyalı Dmitriy Kirilov, xorvatiyalı Drazen Vrbancic, çexiyalı Boris Orava mübarizə aparırlar.
Boyu 168 santimetr olan idmançıların yarışında ölkəmizi Teymur Aslanov təmsil edir. O, 2013-cü ildə Avropa çempionu olub.