Bakı, 22 iyun, AZƏRTAC
Cakarta məhkəməsi narkotik vasitələrin qaçaqmalçılığına görə İndoneziyada güllələnmə cəzasına məhkum olunmuş Fransa vətəndaşı Serj Atlayinin (Serge Atlaoui) əfv olunması barədə vəsatəti rədd edib. Müttəhimin ailəsi onun həyatının xilas olunmasına kömək göstərilməsi üçün Fransa prezidenti Fransua Ollanda və Avopa İttifaqının rəhbərliyinə xahişlə müraciət edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, S.Atlayi 2005-ci ildə polisin Cakarta ətrafında yerləşən laboratoriyaya keçirdiyi reyd zamanı həbs olunmuşdu. Laboratoriyada qaynaqçı işləyən fransız iddia edir ki, müəssisədə gizli yolla narkotik vasitələr hazırlanmasından xəbərsiz olub.
Edam cəzasının vaxtı açıqlanmayıb. Müttəhimin vəkili onun əfvinə digər hüquqi kanallarla nail olmaq niyyətindədir.
Serj Atlayi İndoneziyada narkotik vasitələrin qaçaqmalçılığına görə mühakimə olunmuş səkkiz əcnəbidən biridir. Artıq onların yeddisi may ayında edam edilib.