Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirilib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, Komissiyanın mərkəzi aparatının əməkdaşlarının iştirak etdikləri tədbirə qurumun Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərindəki regional bölmələrində çalışan əməkdaşlar da videobağlantı vasitəsilə qoşulublar.
Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib.
Komissiya sədri bildirib ki, qədim dövlətçilik ənənələri olan ölkəmizdə bu gün demokratik idarəçilik mexanizmi tətbiq olunur, dövlət quruculuğu sahəsində islahatlar uğurla həyata keçirilir, peşəkar kadrların hazırlanması və dövlət qulluğuna cəlb edilməsi üçün vahid proqram vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, dövlət qulluğunun məqsəd və vəzifələri, prinsipləri müəyyənləşib.
M.Abbaszadə TQDK-nın əməkdaşları Elşən Əhmədov və Tural Mustafayevi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmaları münasibətilə təbrik edib, onların üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiklərini, əmr, tapşırıq və göstərişlərin yernə yetirilməsi üçün vicdanla çalışdıqlarını vurğulayıb.
Komissiya sədrinin müavini Namiq Babayev də killektivi peşə bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iki əməkdaşın təltif olunmasının bütövlükdə TQDK-ya göstərilən böyük etimad olduğunu bildirib.