Bakı, 23 iyun, AZƏRTAC
Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü Lütfi Zadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. L.Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçussets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Hazırda professor L.Zadə “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərir.
Görkəmli alim bir neçə fundamental elmi nəzəriyyə təklif edib. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Alimin “Soft Computing” nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. Onun təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya əldə etmək imkanı verir.
Qeyri-səlis məntiq, idarəetmə və soft computing sahəsində onlarla beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən biri hesab olunur. aminer.org saytının məlumatına görə onun 174 məqaləsinə 82820-dən çox istinad qeydə alınıb.
L.Zadə bir çox xarici ölkə elmlər akademiyalarının üzvüdür. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Alim onlarla xarici dövlət və ictimai təşkilatın fəxri doktorudur.
Hazırda Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu fəaliyyət göstərir.