Burda girdiyiniz hər kasıb daxmanın ən baş divarından O boylanar sizə. İrəliyə doğru zillənmiş müdrik baxışları, gələcək vəd edən nurlu çöhrəsi və sinəsində çarpazlanmış qolları sizi bir ayrı dünyaya aparar. Şəklin altında yazılmış “Biz qalib gələcəyik” yazısı alar, götürər adamı. Buralar təpədən-dırnağa Onu xatırladar. Hər sözdən, hər kəlmədən, hər ocaqdan boylanar Elçibəy...
Heç kəs öz yerində peyğəmbər ola bilməz deyimini, bu torpaqda puç edir Elçibəy sevgisi. Bəy öncə elə öz torpağında Bəy olub. Üzünü belə görməyən gənclərdən tutmuş ən yaşlılara kimi hamı hörmətlə danışar Onun haqqında. Burada hər kəsin öz baxışı, öz sevgisi, öz düşüncəsi var Bəy haqda. Tetçerin baxışı, Corc Buşun yanaşması, Turqut Özalın sevgisi çox kiçik qalar burdakı sadə insan yanaşmalarının yanında. İnsanlar Bəyə fərqli baxar, fərqli düşünər. Bütün bildiklərini unudarsan, saf sözlər, sadə insan yanaşmaları alıb götürər səni...
Ona olan minlərlə fərqli yanaşma və baxışlara rəğmən, Elçibəy öz xalqına bir gözlə baxırdı - sevgi gözüylə. İnanmıram ki, dünyada hansısa lider öz mənsub olduğu xalqı, Elçibəyin Azərbaycan xalqını sevdiyi qədər sevə bilə. Bu, sadəcə mümkün deyil. Bu sevgini Tanrı özü öz seçdiyi bəndəsinə vermişdi, tilsim kimi.
Bircə tilsimin var - sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi
Tanrı Tanrıdırsa, öz Elçisini
Minbir daş altında yenə sağ eylər...
Bəyi Tanrı yüksəkdə yaratmışdı. Həm də təbiət olaraq yüksəkdə. Elçibəy Kələkinin yaylağında, “Xəlil yurdunda” dünyaya göz açmışdı. Kiçik Qafqazın ən yüksək zirvəsi Qapıcığın ətəyində. Xəlil yurduna gedən dağ yolu, “dağ armudunun” yanından ayrılır. Armuda çatanda sağa gedib, Bəyin dünyaya göz açdığı obaya çatırsan. Bütün ömrü boyu o obaya, o cığıra bağlı yaşayıb Bəy. “Hakimiyyət yüksəkliyini Vətən yüksəkliyinə dəyişib”, doğma yurduna qayıdanda da ilk olaraq doğulduğu obaya üz tutub. Onun Vətən sevgisi, cır armuddan başlayıb bəlkə də...
Nə qəribə adamdı
Dərdinə bax, ay Allah
Hansı uzaq dağdasa,
Susuzluqdan saralır
Cır armudun yarpağı...
“Cır armuddan” düz getsən, digər obaya, “Nəbili yurdu” obasına çıxacaqsan. Bəyin “yüksəklik sevgisi” Xəlil yurdu qədər, Nəbili Yurduna da sirayət edirdi. Xəlil yurduna qalxdımı, orada bir az toxtayıb, Nəbili yurduna keçərdi...
Niyaz bizim kəndin çobanlarından biri idi. Yay oldumu, köç-külfətini, mal-heyvanını toplayıb, qalxardı Nəbili yurduna. Bir də payızda görünərdi kənddə.
Bəy hələ Əbülfəz müəllimliyi - Əlyazmalar İnstitutunda işlədiyi dövrdə yay istirahətində gələndə, adəti üzrə yaylağa qalxır. Bir neçə gün qalıb, istirahət edəcəkdi. Xəlil yurdundan sonra Nəbili yurduna keçmir. Pencəyi çıxarıb yaxındakı ağacın budağına asmış, idman geyimində çay qırağına enmişdi. Bizim Niyaz mal-heyvanı örüşdən gətirib sağına ötürəndə görür ki, Bəyin pencəyi ağacda asılıb, döş cibində də par-par parıldayan qələm...
Niyazın orta məktəb təhsili Sovetlərin qan-qan deyən vaxtına düşmüşdü. Hər sinfi ən azı iki ilə başa vurmuşdu. Nəinki bizim kənddə, bəlkə də rayonda Niyaz qədər sinif yoldaşı olan ikinci adam yoxdur. Uzun illər kənddə kim evləndisə, Niyaz onun toyunda “sinif yoldaşı” kimi iştirak edir, can qoyurdu. Eldar adamdır Niyaz, toyda-nişanda çay işi desən çay işi, yemək desən, yemək işi onluq idi. Bütün kəndin çayını tək qaynadıb, tək dəmləyər, bir eli yola verərdi. Bu dünyada ən az ehtiyacı olacaq şey qələmdir. Ümumiyyətlə, yazı yazmağın nə demək olduğunu on illik məktəbdə, iyirmi ilə öyrənə bilməyən adama qələm niyə ehtiyac olsun ki...
Niyazın Bəyin qələmini oğurladığını çoxdan eşitmişdim, bir xeyli gülmüşdüm. Di gəl, münasib bir vaxt və ovqat olmamışdı ki, Niyazla bunu “müzakirə edək”. Yaxın bir qohumun toyunda, Niyaz yenə də “sinif yoldaşı” olaraq iş başındaydı. Qonaq-qaranı yola saldıq, axşamçağı yaxın qohumlar və yoldaşlar stolu açıb əyləşdik. Niyaz çay samovarını “təhvil verib” gəldi...
Məclisin şirin yerində, qələm əhvalatı yadıma düşdü. Ta bundan yaxşı məqam çətin olacaqdı:
- Ay Niyaz!
- Bəəəəli məəəllim! (Niyazın bir xeyli kəkələməyi də vardı, yaddan çıxmamış onu da qeyd edim)
- Sən canın, o məsələ nətəri olub? Nəbili yurdunda Elçibəyin qələmini nətər əkişdiribsən?
- Məəəllim, ayıbdı vallllah. Səəənnən göözzəməzdim. Məən elə şey elləəmərəm axı, biilirsən. Əbülfəəəz məllim onu mənə hədiyyə eləmişdi!
Əlimdəki stəkanı yerə qoydum ki, rahat gülə bilim. Amma hələlik səbirlə davam elədim:
- Bəy hədiyyə verdi sənə o bahalı qələmi?
- Həəə, Əbülfəz məəəllim. Pooodayka elədi.
- Ay Niyaz, sən qələmnən nə qayıracaxdın axı? Sənə niyə qələm hədiyyə eləsin ki, Bəy?
- Məəəllim, sən elə məktəb oxumağına-zada baxma ye, mən qədər tanıya bilməzsən Əbülfəz məəəlimi. Ooonnan heç nə oğrulamax olmazdı. Bəy, özü istəməsə, hədiyyə eləməsə, ooonnnaan heç nə ala bilməzdin. Qaldı ki, ayyyy məəəəlllim, Əbülfəz bəy bu boyda xalqa müstəqillik hədiyyyə elədi. Bir qəəələm nədi ki, mənə verməsin...
Quruyub qalmışdım. Dedim axı, nə Tetçer, nə Buş. Siz Bəyi bu torpağın sadə adamlarından soruşun...