Astana, 27 iyun, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası 2015-ci il iyunun 29-da Astanada Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasını keçirəcək.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tatarıstan, Başkortostan milli elmlər akademiyalarının rəhbərləri, Macarıstan və Monqolustan səfirləri, Türk Şurası, Türk Şurasının Ağsaqqallar Şurası, Türk Şurasının Universitetlər İttifaqı kimi beynəlxalq təşkilatlarının rəhbərləri, bir sıra digər vəzifəli şəxslər iştirak edəcəklər.
Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilən təsis sessiyasında Türk Dünyası Elmlər Akademiyaları İttifaqının yaradılması haqqında sənəd və bu İttifaqın işini tənzimləyən Əsasnamə imzalanacaq. Bundan əlavə, türkdilli dövlətlərin vahid təhsil məkanının yaradılması və türkdilli ölkələrin elmlər akademiyaları arasında sıx əlaqələr yaradılması məsələlərinə baxılacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana