Neftçala, 1 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalada "Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması təşəbbüslərinin dəstəklənməsi" mövzusunda görüş keçirilib. Görüşdə bu kateqoriyadan olan insanlara dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Neftçala Rayon İcra Hakimiyyəti və Respublika Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 164 neftçalalı torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olub. Hazırda sözügedən İctimai Birliyin rayon şöbəsində 164 şəhid ailəsi, 590 Qarabağ müharibəsi veteranı təmsil olunur.
Döyüşlərdə göstərdikləri şücaətə görə iki neftçalalının Milli Qəhrəman adına layiq görüldüyünü xatırladan rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu gün həmin ənənənin uğurla davam etdiyini söyləyib. Rayonun Xolqarabucaq kəndindən olan döyüşçü İlkin Muradovun düşmənin təxribat törədən helikopterini məhv etməsini bunun bariz nümunəsi kimi səciyyələndirib. Torpaqlarımız uğrunda döyüşən insanların sosial vəziyyətinə toxunan natiqlər bildiblər ki, son illərdə dövlətin qayğısı ilə təkcə Neftçalada Qarabağ müharibəsində iştirak etmiş 67 nəfər mənzil, iki nəfər fərdi yaşayış evi ilə təmin edilib, 15 nəfərə fərdi minik maşını verilib. Hazırda 10 fərdi yaşayış evinin inşası davam etdirilir. 2015 -ci ilin ötən dövüründə 15 nəfərin işlə təmin olunduğu və onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün lazımi tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev torpaqlarımız uğrunda döyüşən insanların sosial həyat şəraitinin daha da yaxşılaşdırılması təşəbbüslərinin dəstəklənməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. İlk Avropa Oyunlarında paralimpiyaçı İlham Zəkiyevin parlaq qələbəsi bu qayğının əyani nümunəsi kimi dəyərləndirilib.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sözügedən mövzu ilə bağlı təkliflər verilib.