Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində AMEA-nın 70 illik yubileyinə hazırlıqla bağlı işçi qrupunun ilk müşavirəsi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev görüləcək işlər barədə ətraflı məlumat verib, yubiley tədbirinin əhəmiyyətini nəzərə alaraq baş fəaliyyət planının hazırlandığını söyləyib. O, ayrı-ayrı istiqamətlər üzrə təkmilləşdirilmiş alt fəaliyyət planlarının hazırlanması üçün müvafiq bölmələr üzrə tapşırıqlarını verib.
R.Əliquliyev diqqətə çatdırıb ki, yubiley tədbiri ilə əlaqədar akademiya haqqında sənədli filmin çəkilişləri davam edir. AMEA-nın 70 illik fəaliyyətini əks etdirən nəşrlər çapa hazırlanıb.
Müşavirədə akademiyanın beynəlxalq əlaqələri istiqamətində qarşıda duran vəzifələr, həmçinin bu qurumun genişlənən sərgi fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tapşırıq və tövsiyələr verilib.