Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Səhiyyə Nazirliyi 6 özəl klinikanın fəaliyyətini dayandırıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət tibb müəssisələrində olduğu kimi, özəl tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi yoxlama tədbirləri həyata keçirir. Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunmuş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür.

Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılmışdır.

Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az