"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycana qarşı hər hansı təzyiqlərin göstərilməsi, Azərbaycana şər və böhtan atılması məsələlərinə toxundu. Bütün dünya bilməlidir ki, Azərbaycan inkişaf etmiş ölkə, güclü dövlətdir. Xalqla iqtidarın birliyi mövcuddur və Azərbaycana qarşı bu cür təzyiqlərlə Azərbaycanı öz yolundan döndərmək olmaz".
Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Prezident müşavirədə, həmçinin Azərbaycanda keçirilən Avropa Oyunları ilə əlaqədar, ondan əvvəl və sonrakı dövrdə Azərbaycan qarşı hər hansı təzyiqlərin göstərilməsi, o cümlədən beynəlxalq təşkilatların anti-Azərbaycan qərarlar qəbul etməsi və belə məsələlərin müzakirəyə çıxarılması, Azərbaycana şər və böhtan atılması məsələlərinə toxundu:
"Xüsusilə də Almaniya Bundestaqının belə bir məsələni müzakirəyə çıxarılmasına toxunuldu. Halbuki, Almaniyaya heç bir aidiyyəti olmayan və ümumilikdə hüquqi əsası olmayan bir müzakirə aparıldı. Almaniya Bundestaqı öz ölkəsi haqqında hansısa qərar qəbul edə bilər. Amma Bundestaqa Almaniya çərçivəsindən kənar, digər ölkələr haqqında belə bir qərar qəbul etmək səlahiyyəti verilməyib. Bundestaqda hər hansı ölkənin məsələsinin müzakirə olunması çox gülünc vəziyyət yaradır. O cümlədən Avropa Şurasında çox ədalətsiz və beynəlxalq hüquqa zidd olan hər hansı dəyişikliklərin şahidi olduq".
Millət vəkili qeyd edib ki, Azərbaycanın tutduğu yol var: "Azərbaycan hər bir ölkə ilə qarşılıqlı münasibət qurmaq istəyir. Əgər o dövlətlərdə səmimiyyət, ədalət, haqq varsa, qarşılıqlı münasibət qurulacaq. O ki qaldı təzyiqlər yolu ilə güzəştli şəkildə Azərbacandan nəsə qoparmaq istəyirlər və yaxud hüquqazidd əməllər törətmiş insanların azadlığa buraxılmasını, yaxud onların məsuliyyətə cləb olunmasını arzu edirlərsə, bu şeyləri görə bilməyəcəklər".
Milli.Az