Bakı, 13 iyul, AZƏRTAC
Daxili Qoşunların (DQ) Baş İdarəsində Hərbi Şuranın “2015-ci ilin birinci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və ikinci yarımilində qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib.
DQ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda qoşunların hərbi hissə komandirləri və onların birinci müavinləri-Qərargah rəisləri iştirak ediblər.
İclasın gündəliyində duran məsələləri elan edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə demokratik idealların cəmiyyətdə tam möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının, sabitliyin etibarlı təminatı, dünyada baş verən böhran fonunda ölkənin iqtisadi potensialının artması birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsinə səbəb olub və ölkəmiz bu tədbiri təşkilatçılıq baxımından yüksək səviyyədə keçirərək idman nailiyyətləri ilə böyük zəfər qazanıb.
İclasda Daxili Qoşunlar komandanının birinci müavini-Qərargah rəisi, general-mayor Şirin Xəlilov 2015-ci ilin birinci yarımilliyində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və ikinci yarımilliyində qarşıda duran vəzifələr barədə məruzə edib.
Məruzədə vurğulanıb ki, DQ-nin şəxsi heyəti hesabat dövründə daxili işlər orqanlarının əməkdaşları ilə birgə ictimai qaydaların qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində fəal iştirak edib, qarşıya qoyulan vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlib.
Hərbi Şurada bir sıra hərbi hissələrin komandirləri tərəfindən çıxışlarda mövcud nöqsanlar təhlil edilərək bildirilib ki, şəxsi heyət həvalə edilmiş bütün tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirib. Bu istiqamətdə əzmkarlıq bundan sonra da qorunub saxlanılacaq.
İclasa yekun vuran general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi, döyüş təliminin keyfiyyətinin yüksəldilməsi və hərbi intizamın daha da möhkəmdirilməsi istiqamətində bundan sonra da konkret və əməli tədbirlər həyata keçirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətinliklə dayanacaq.