Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi humanitar aksiya keçirib. Klinikanın həkimlərdən ibarət səyyar briqadası MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşlar arasında göz müayinəsi aparıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə göz xəstəliklərindən qorunmaq məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinin həkimi Mətanət Əfəndiyevanın “Göz xəstəliklərinin profilaktikası” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, hazırda göz xəstəlikləri və gözlə bağlı narahatlıqlar geniş yayılmış problemlərdəndir. Bu xəstəlik zamanı gözlər qaşınmamalı, dəsmal, yastıq və eynək kimi əşyalardan istifadəyə nəzarət edilməlidir. Xəstənin əşyaları ayrı olmalı, ətrafdakı bütün insanlarla təmas mümkün qədər az saxlanılmalıdır. Bəzi dərmanların uzun müddət qəbulu belə, göz xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən belə preparatlar yalnız həkimin təyinatı ilə qəbul edilməlidir.
Məruzədə kompyuterdən uzun müddət istifadənin insanlarda görmə pozulmalarına gətirib çıxarmasından da bəhs olunub. Bildirilib ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət kömpyuterdə işləyərsə, onun görməsi daha da zəifləyir. Eyni zamanda, qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompyuterdə uzun müddət işləyən insanlarda xeyli yüksəkdir.
Sonra M.Əfəndiyeva sualları cavablandırıb, göz sağlamlığının qorunması qaydalarına dair tövsiyələrini verib.
Daha sonra müayinə aksiyasına başlanılıb. Milli Oftalmologiya Mərkəzinin peşəkar oftalmoloqlardan ibarət həkim heyəti müasir diaqnostik avadanlıqla təchiz olunmuş xüsusi otaqda müraciət edənlərin gözlərini oftalmoloji müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb. Müayinə zamanı pasiyentlərin gözlərinin ilkin diaqnostikası təyin olunub, onlara lazımi məsləhətlər verilib.