Bakı, 16 iyul, AZƏRTAC
Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmlə qovuşur” mövzusunda Yay Akademiyası (IACSA) keçirilib.
Dünyanın 40-dən artıq ölkəsindən 80 nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Əmir Ocaqverdiyev təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir sıra beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, elm və araşdırma mərkəzlərinin professorları transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələrlə çıxış ediblər.
Kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həllində fəal iştirak ediblər. Hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilib. İnteraktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.