Qurban Yetirmişli: "Zəlzələlər baş versə də, ocaqlarda gərgin vəziyyət qalmaqdadır"

15:27 26 Dekabr 2014
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:26 ]

Bakı. Könül Kamilqızı – APA. “Yer səthində geodinamik hərəkətlər, yəni qırılmalar boyu blokların hərəkəti olmasa, zəlzələlər baş verə bilməz. İl ərzində bir blokun digərini sıxması nəticəsində gərgin zona yaranır və kritik bir məqamda blokda ani parçalanma əmələ gəlir. Nəticədə qırılıb-qalxma, qırılıb-düşmə və ya yerdəyişmə olur. Bunların nəticəsində zəlzələlər baş verir”.

APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qurumun illik hesabat iclası zamanı deyib.

 

Q. Yetirmişli vurğulayıb ki, zəlzələlər baş versə də, ocaqlarda gərgin vəziyyəti yenə də qalmaqdadır. Onun sözlərinə görə, ötən ildən başlayaraq mərkəzin geodinamika şöbəsində stasionar CPS stansiyaları qurulub. Onun sözlərinə görə, hazırda yer daxilində gedən, litosferdə olan blokların hərəkəti, onların sürəti, istiqamətini müəyyən etmək üçün 22 stasionar stansiya fəaliyyət göstərir: “Bu sahədə bir neçə treninq keçirilib. Bu bazaların hamısı hazırda fəaliyyətdədir, işlər gedir. Gələn ildən görülən işlərin xəritəsi hazırlanacaq və yer səthində gedən proseslər barədə məlumatlar,  elmi fikirlər nəşr olunacaq. Hazırda Qərbi Xəzər qırılması, Şimalı İran qırılması qeydə alınır. Xəzərdə gedən qırılmaların artıq hamısı parçalanıb”.

 

Mərkəzin baş direktoru əlavə edib ki, indiyədək ancaq bir dalğanın (uzununa və ya eninə) gəlmə vaxtı və ya işarəsi ilə parametrlər müəyyən olunurdu. Bu ildən başlayaraq isə hər iki dalğanın-həm uzununa, həm də eninə dalğanın işarəsindən istifadə edərək parametrlər müəyyən olunur. Bunun nəticəsində ocaqda gedən proseslər barədə dəqiq məlumatlar əldə edilir.

 

Q. Yetirmişli bildirib ki, hazırda Böyük Qafqazın Azərbaycan hissəsinin seysmo-tektonikası ilə bağlı elmi tədqiqat işi aparılır. Onun sözlərinə görə, 2 il davam edən iş 2016-cı ildə başa çatacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR