Bakı, 21 iyul, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində 5-8 yaşlarında olan uşaqlar üçün su və onun əhəmiyyətinə dair növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. “Kiçik ekoloqlar”, həmçinin suyun qorunması və ona qənaət edilməsi ilə də tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışlarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, təlimçilərin köməyi ilə şüşə su qabının içərisində meduza, fincanın içərisində göy qurşağı və lava lampası hazırlamağı öyrəniblər. Daha sonra “Eko laboratoriya”nın iştirakçıları sabun köpükləri düzəldərək açıq havada əyləncəli gün keçiriblər.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.









