Naxçıvan, 23 iyul, AZƏRTAC
Azərbaycan milli mətbuatının 140 illik yubileyi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında təntənəli mərasimlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Şərur rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək, rayonda işıq üzü görən “Şərurun səsi” qəzetinin inkişaf tarixindən danışıb.
Qeyd olunub ki, Şərur rayonunda qəzetin ilk nömrəsi 1931-ci ilin oktyabr ayında buraxılıb. O dövrdə “Pambığa doğru” adlanan qəzetin cəmi iki əməkdaşı olub. 1954-cü ildə “Noraşen kolxozçusu” adı ilə fəaliyyətini davam etdirən Şərur rayon qəzeti bölgədə kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin işıqlandırılmasına ciddi diqqət yetirib. 1959-cu ildə fəaliyyəti dayandırılan qəzet 1966-cı ilin yanvar ayından “İşıqlı yol” adı ilə çap olunub. Bu dövrdən başlayaraq 1992-ci ilədək müxtəlif dövrlərdə Şərur rayon qəzeti təcrübəli jurnalist Cəfər Məmmədovun, Rafiq Həsənovun, Hüseyn Əbdülhüseynovun və Mikayıl Əliyevin rəhbərliyi ilə çapdan çıxıb. 1991-ci ilin yanvar ayından qəzet “Şərurun səsi” adı ilə oxucularının görüşünə gəlib. Müstəqillik illərində Şərur rayon qəzetinin kollektivi oxuculara bir-birindən maraqlı nömrələr çatdırmağa çalışmışdır.
Babək rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək mətbuata ulu öndər Heydər Əliyev tərəfindən göstərilən qayğıdan danışıb. Bildirib ki, bu gün mətbuata qayğı ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da mətbuatın fəaliyyətinə geniş şərait yaradılması ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiqliyin nəticəsidir.
“Şərqin səhəri” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Hafizə Əliyeva qəzetin tarixi haqqında danışaraq bildirib ki, 1978-ci ilin oktyabrında Babək rayonu yaradılıb, bir qədər sonra, 1979-cu il yanvar ayının 1-də rayonun “Əmək bayrağı” adlı qəzeti fəaliyyətə başlayıb. Qəzet 1992-ci ildən “Şərqin səhəri” adı ilə çap olunur.
Ordubad rayonunda da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov, “El həyatı” qəzetinin redaktor əvəzi Abbas Seyid, icra hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış ediblər. Qeyd olunub ki, 1932-ci il iyul ayının 24-də Ordubad rayonunda nəşrə başlayan “Ordubad fəhləsi” qəzeti özündən əvvəlki ənənələri yaşatmağa çalışıb, müxtəlif illərdə “Ordubad işçisi”, “Yeni Ordubad” və “El həyatı” adları ilə çap olunub. 1991-ci il yanvar ayının 1-dən “El həyatı” adı ilə nəşr olunmağa başlayan qəzet ayda 4 dəfə oxucuları ilə görüşür.
Milli mətbuatın 140 illik yubileyi münasibətilə Culfa rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, mətbuatın inkişafı sahəsində Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlər həyata keçirilib. Təməli 1935-ci ildə qoyulan “Arazın səsi” qəzetinin inkişaf mərhələsi 1995-ci ildən başlayıb. Muxtar respublika rəhbərinin mətbuatın inkişafına göstərdiyi yüksək diqqət və qayğı “Arazın səsi” qəzetinin də fəaliyyətində böyük rol oynayıb.
Sonra “Arazın səsi” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Hüseyn Şəkərəliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti Fərəc Fərəcov, müharibə veteranı, “Arazın səsi” qəzetinin sabiq redaktor müavini Cəfər Əliyev mətbuat orqanlarına göstərilən dövlət qayğısından danışıb, rayonun mətbu orqanı olan “Arazın səsi” qəzetinin keçdiyi yoldan bəhs ediblər.
Kəngərli rayonunda “Yeni həyat” qəzetinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə rayon icra hakimiyyətinin başçısı Ramiz Cəfərov jurnalistləri bayram münasibətilə təbrik edib, mətbuatın keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirilib ki, milli mətbuat bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həmin problemlərin həlli istiqamətində vacib addımlar atılıb, Konstitusiyamızda mətbuat azadlığı təsbit olunub, senzura ləğv edilib. Ulu Öndərimizin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən mətbuat sahəsinə göstərilən dövlət qayğısı davamlı və ardıcıl xarakter alıb.
“Yeni həyat” qəzetinin məsul katibi Ramiz Qasımov çıxışında qeyd edib ki, muxtar respublikada söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin edilib. Kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir. Bu qayğıdan Kəngərli rayonunun mətbu orqanı olan və artıq on ildir ki, oxucuların görüşünə gələn “Yeni həyat” qəzeti də xeyli bəhrələnib. Göstərilən diqqət və qayğının müqabilində rayon qəzetinin əməkdaşları milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliği, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə operativ və əhatəli şəkildə çatdırılması sahəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Şahbuz rayonunda keçirilən tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq mətbuat işçilərini bayram münasibətilə təbrik edib, Azərbaycanda, eləcə də muxtar respublikada mətbuata göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Ulu Öndər Azərbaycan mətbuatının hər zaman himayədarı olub, bu sahənin inkişafı üçün misilsiz xidmətlər göstərib. Ümummilli Liderimizin ideyalarına sadiq olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mətbuatın hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipini əsas götürərək regionumuzda bu sahəni diqqət mərkəzində saxlayıb.
“Oğuz səsi“ qəzetinin redaktoru Şəhla Nəbiyeva Azərbaycanın mətbuat orqanlarına göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə “Oğuz səsi” qəzetinin keçmiş əməkdaşlarından Xanlar Səfərəliyev, Qaşdar Əliyev çıxış ediblər.
Qeyd olunub ki, “Oğuz səsi” qəzeti 79 ildir milli mətbuat tarixindən miras qalmış ənənələri davam etdirməklə rayonun ictimai həyatında fəal rol oynayır. Qəzetin tarixinə qısa nəzər saldıqda onun böyük bir inkişaf yolu keçdiyini görmək olur. 1936-cı ildən “Sosializm maldarlığı”, 1966-cı ildən isə “Qabaqcıl” adı ilə nəşr olunan qəzetin adı müstəqillik illərində dəyişib. 1991-ci ildən “Oğuz yurdu”, 1992-ci ildən isə “Oğuz səsi” adı ilə nəşr olunan qəzet fəaliyyət göstərdiyi illərdə həm ideoloji işin, həm də milli dəyərlərin yaşadılması baxımından rəngarəng yazılarla oxucu ünvanına yol tapıb, böyük auditoriya qazanıb. Bu gün “Oğuz səsi” qəzetinin əməkdaşları rayonun inkişaf salnaməsini yaradırlar.
Milli mətbuatımızın 140 illik yubileyi sərhəd bölgəsi olan Sədərək rayonunda da qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb. Vurğulayıb ki, bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuata diqqət və qayğı muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib.
“Oğuz yurdu” qəzetinin redaktoru Sərxan İsmayılov bildirib ki, rayon icra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin ilk nömrəsi 2000-ci ildə işıq üzü görüb. İlk illərdə kiçik ölçüdə və ayda iki dəfə buraxılan qəzet hazırda ayda dörd sayı ilə oxucularının görüşünə gəlir. Sərhəd bölgəsinin ictimai, siyasi, mədəni həyatını olduğu kimi işıqlandırmağa çalışan qəzet rayonun güzgüsü olmağa çalışır.



