Bakı, 23 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 44 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətl əlaqələr sektorundan məlumat verilib.
ƏƏSMN-in “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda cari ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 830 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahəti xüsusi proqram əsasında təşkil edilir. Belə ki, istirahət müddətində onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları, viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, həmçinin onlar müalicəvi bədən tərbiyəsinə, müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.
Şəkiyə yola düşən əlillər onların respublikamızın səfalı bölgələrində istirahətlərinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.