Bakı, 23 iyul, Fərhad Vahidzadə, AZƏRTAC
İyulun 23-də Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Azərbaycanın İxrac Kataloqu-2015" layihəsinin təqdimatını keçirib. Tədbirdə iş adamları müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki‚ AMC-nin idarə heyətinin sədri Nigar Hüseynzadə bildirib ki‚ İxrac Kataloqunun nəşri ölkənin müasir iqtisadiyyatının xüsusən də qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev layihənin keçdiyi yoldan danışıb, gələcəkdə də belə səmərəli əməkdaşlığın davam etməsinin vacibliyini qeyd edib.
Hazırki nəşr artıq 7-cidir və layihə bir neçə ildir ki‚ uğurla davam edir. Bu İxrac Kataloqu ingilis dilində 3000 nüsxədə və beş dildə
(ingilis‚ alman‚ ispan‚ rus və ərəb) elektron disk formatında cəmiyyətə təqdim edilib.
Sözügedən nəşr Azərbaycan Respublikasının xaricdəki səfirlikləri və diplomatik nümayəndəlikləri‚ Azərbaycanın dövlət qurumları və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndilikləri vasitəsi ilə yayılacaq və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq.
Tədbirdə layihədə iştirak edən özəl şirkətlərin rəhbər təmsilçiləri də çıxış edərək Azərbaycanın ixrac potensialının artırılması üçün İxrac Kataloqunun nəşrinin işıq üzü görməsinin səmərəli addım olduğunu qeyd edib, gələcəkdə belə layihənin daha geniş yayılmasına ehtiyac olduğunu vurğulayıblar.