Xaos və ölüm məkanı - FOTO

Xaos və ölüm məkanı - FOTO
20:05 24 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq birlik "Boko Haram"la mübarizədə Nigeriyaya yardım etməyə tələsmir 
Yeni ilin ilk həftəsində Nigeriyanın şimalında məskunlaşmış "Boko Haram" terror qruplaşması 2 minədək insanın həyatına son qoydu. Məlumatı yerli hökumət, jurnalistlər və beynəlxalq təşkilatlar təsdiqləyib. "Amnesty International" təşkilatının saytında bildirilir ki, Çad çayı sahilində yerləşən Baqa şəhərciyinə və yaxınlıqdakı kəndlərə edilən hücum "bu radikal hərəkatın tarixində ən kütləvi terror aktıdır". Yaraqlılar dinc əhaliyə divan tutmaqla yanaşı, kiçik hökumət bazasını da ələ keçiriblər. Üstəlik, hücum son dərəcə dəhşətli qəddarlıqla müşahidə olunub - terrorçular dinc əhalini pulemyotlardan fasiləsiz atəşə tutub, insanları evləri ilə birlikdə diri-diri yandırıblar. Ölənlərin əksəriyyəti qaçaraq canlarını qurtara bilməyən uşaqlar, qadınlar və yaşlı insanlardır. Ölənlərlə yanaşı, minlərlə insan ev-eşiyini tərk edərək, qonşu Kameruna və Çada sığınıb.
 
Bundan başqa, yanvarın 10-da Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhər bazarında törədilmiş partlayış, ən azı, 12 nəfərin həyatına son qoyub, 20-dən çox insan yaralanıb. Ən dəhşətlisi isə bazarda partladılan bombanı 10 yaşlı kamikadze qız uşağının işə salmasıdır...
 
"Boko Haram" qruplaşması 2009-cu ildən Nigeriyada, xüsusilə onun şimalındakı 3 ştatda özünü çox rahat hiss edir - halbuki, qruplaşmanın adı 2002-ci ildə məşhurlaşıb. İndiyədək qruplaşma üzvləri saysız-hesabsız terror aktları, insan oğurluqları, sifarişli qətllər, polis məntəqələrinə, dövlət qurumlarına, xristian kilsələrinə və xeyli sayda kəndə hücumlar təşkil ediblər. Yalnız rəsmi məlumata görə, son 5 ildə "Boko Haram" 13 mindən artıq insanın həyatına son qoyub, təxminən 1,5 milyon nəfər bu qruplaşma üzündən qaçqın və ya məcburi köçkünə çevrilib. "Boko Haram"ın "nəzarət"ində olan rayonlarda ağır humanitar şərait hökm sürür, orada praktiki olaraq, monitorinqlərin aparılması mümkün deyil. Çünki jurnalistlər və beynəlxalq missiyaların əməkdaşları oğurlanacaqlarından qorxaraq hadisələrin episentrinə baş çəkməkdən imtina edirlər.
 
Qruplaşma rəsmi olaraq "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" adlanır. Amma Mayduquri şəhər sakinləri onu "Boko Haram" adlandırırlar. Bu, haus dilində "Qərb təhsili günahdır" anlamı verir. Qərb təhsilinin qadağan olunması terrorçuların "fəlsəfə"sinin yalnız bir elementidir. Onların əsas hədəfləri bütünlükdə Nigeriya ərazisində şəriət dövlətinin qurulmasıdır. Qeyd edək ki, Nigeriya müsəlmanların yaşadığı Şimala (əhalinin, təxminən, 30%-i) və xristianların məskunlaşdığı Cənuba (60%-dən çox) bölünmüş durumdadır. Bununla yanaşı, "Boko Haram" üzvlərini "klassik islamçı" adlandırmaq da çətindir. Çünki onlar islamla yanaşı, bir çox yerli etiqadlara - bütpərəstlik, totemizm, əcdadların kultu və s. də inanırlar. Bəzi məlumatlara görə, qruplaşma üzvləri xristian keşişlərlə yanaşı, müsəlman ruhanilərini də edam edirlər. Məhz bu səbəbdən, Afrikanın şimalındakı ənənəvi islamçılar Nigeriyadakı "qardaşları" ilə yaxın olsalar da, açıq əməkdaşlığa tələsmirlər.
 
Bir il əvvəl Nigeriya prezidenti Qudlak Conatan ölkənin bir sıra şimal ştatlarında fövqəladə vəziyyət elan edib. Lakin bu, problemin həllinə ciddi təsir göstərməyib. Yalnız 2014-cü ilin son aylarında "Boko Haram" Mayduquri ətrafındakı əraziləri, həmçinin Borno ştatının paytaxt ətrafını ələ keçirib. Amma yerli hökumət hələ ki, şəhəri nəzarətdə saxlaya bilir. Müxtəlif məlumatlara görə, hazırda "Boko Haram"ın, təxminən, 3 min döyüşçüsü var. Bəzi dairələr isə onların sayının daha artıq olduğunu deyir. Məsələ ondadır ki, əhalisinin əksəriyyəti savadsız olan, gündə 1,5 dollara yaşayan ölkədə radikallar əla resurs bazasına malikdirlər. Görünən odur ki, hökumət qruplaşmanın əhatəsini genişləndirməsinin qarşısını ala bilmir.
Əvvəllər hesab olunurdu ki, Nigeriya Silahlı Qüvvələri (təxminən, 100 min nəfərlik) tropik Afrikanın təchizatına, hazırlıq səviyyəsinə və döyüş qabiliyyətinə görə ən öndəgedən ordusudur. Onun zabit heyətinin xaricdə - ABŞ, Böyük Britaniya, Kanada və Hindistanın hərbi məktəblərində təlim keçdiyi xüsusi vurğulanırdı. Liberiya və Syerra-Leonedəki vətəndaş münaqişələri zamanı həyata keçirilən sülhməramlı əməliyyatlarda da Nigeriya ordusuna tərif yağdırılırdı. Lakin indi o, öz ölkəsindəki cinayətkarlar qarşısında qəribə acizlik nümayiş etdirir.

Ordu rəhbərliyi korrupsiyada, resursların düzgün bölüşdürülməməsində, zəif təchizatda, döyüş ruhunun son dərəcə aşağı səviyyədə olmasında, bəzən isə hətta vətəndaşlara qarşı terrorçulardan pis davranmaqda günahlandırılır. Ötən ilin dekabrında Nigeriya ordusunun 54 əsgəri ilə bağlı tribunalda ölüm hökmü çıxarılıb. Onlar qorxaqlıqda və satqınlıqda təqsirli biliniblər. Bu, əsgərlərin "Boko Haram"a qarşı vuruşmaqdan imtina etmələri ilə bağlıdır. Faktiki olaraq, əsgərlər ölkənin şimal-şərqində yaşayan əhalini müdafiə etmir, sadəcə, nəqliyyat yollarının və cənubda neft ehtiyatları ilə zəngin olan bölgələrin mühafizəsi ilə məşğul olurlar. Belə təəssürat yaranır ki, əslində, "Boko Haram" terrorçuları ilə qonşu Kamerun və Çadın silahlı qüvvələri daha ciddi mübarizə aparır. Bu, həmin dövlətlərin terror şəbəkəsinin onların da ərazisinə yayıla biləcəyindən ehtiyatlanmaları ilə bağlıdır. İnternetdə tez-tez üzərində bu ölkələrin fərqləndirici nişanı olan hərbi texnikanın fotolarını görmək mümkündür. Bu yaxınlarda onlarca terrorçu məhz Kamerun hərbçiləri tərəfindən məhv edilib. Bu, yaraqlıların Kolofata şəhərinə hücumunun qarşısının alınması zamanı baş verib. Bu məğlubiyyətdən sonra "Boko Haram"ın lideri Abubakara Şeykau YouTube saytına Kamerun prezidenti Pol Biyyanın ünvanına hədələrin yer aldığı videomüraciət yerləşdirib.
 
Sanki bu şəraitdə Nigeriyaya təcili olaraq BMT və ya NATO qoşunları yeridilməli, dinc əhalinin müdafiəsi, faktiki olaraq soyqırımın qarşısının alınması üçün uçuşsuz zona elan olunmalı, sonrakı addımların koordinasiyası məqsədilə fövqəladə beynəlxalq kofrans çağırılmalı, yaxud, ən azı, böyük ümidlərin bağlandığı Afrika Şurasına yardım göstərilməlidir. Lakin görünən odur ki, bu haqda düşünən yoxdur. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki "insanları terrora cəlb edən hər kəsin ən sərt şəkildə cəzalandırılmalı olduğunu" bəyan etsə də, bunun hansı formada həyata keçirilməli olduğunu açıqlamayıb. Halbuki, vəziyyət hər an hakimiyyətin nəzarətindən tam çıxa bilər və bu halda terrorçular artıq Nigeriyanın neftlə zəngin cənub rayonlarını da ələ keçirəcəklər. Bu halda transmilli korporasiyaların maraqlarına zərbə dəyəcəyi şübhə doğurmur. Söhbət "Shell", "Exxon Mobil", "Chevron Texaco", "Conoco Phillips", "Eni" və "Total" kimi şirkətlərdən gedir. Onlar Nigeriyada karbohidrogenlərin hasilatında iştirak edirlər.
 
Ötən ilin aprelində məktəbdən 200-dən artıq nigeriyalı qız uşağının oğurlanması zamanı Nigeriyanın kənar yardımlara bel bağlamasının əbəs olduğu üzə çıxıb. Xatırladaq ki, o zaman beynəlxalq səylər (ABŞ, Kanada, Fransa, İsrail və Böyük Britaniya xüsusi təyinatlılarını Nigeriyaya göndərmişdi) qızların xilası üçün kifayət etməmişdi. Oğurlanmış qız uşaqlarından yalnız bir neçəsi qaçmağa müvəffəq olmuş, qalanları isə yaraqlıların "istifadə"sinə verilmiş, xəstəliklərdən və döyülmə nəticəsində dünyalarını dəyişmişdilər.
 
Bütün bunların fonunda Afrikanın ən nüfuzlu din xadimlərindən biri, baş keşiş Cos İqnatius Kauqama hesab edir ki, Qərb ölkələri Nigeriya faciəsinə etinasızlıq göstərir. "Beynəlxalq birlik hər zaman həmrəylik nümayiş etdirsə də, heç bir konkret yardım yoxdur", - deyə Kauqama bildirib. Onun fikirləri ilə razılaşmamaq mümkün deyil. Hər halda, Baqa şəhərciyinə və ətraf kəndlərə hücum Fransanın "Charlie Hebdo" jurnalının redaksiyasına hücumla eyni vaxtda baş verib. Dünyanın bütün xəbər agentlikləri, telekanalları Parisdə 12 karikaturaçının və polisin ölümü ilə bağlı keçirilən yürüşə geniş yer ayırıb, Nigeriyada yüzlərlə qadın və uşağa qarşı qətliama isə demək olar ki, diqqət göstərilməyib. Kamerun prezidenti Pol Biyya da Qərb ölkələrini terrorla mübarizəyə dəstək olmağa çağırıb. Çünki "Boko Haram"ın qarşısının alınmayacağı təqdirdə, bütün qitəyə yayılacağı, hətta Avropa üçün də təhlükəyə çevriləcəyi ehtimalı var.
 
Bununla yanaşı, bir suala da cavab verilməlidir: baş verənlərdə Nigeriya hökumətinin günahı nə qədərdir? Tezliklə - 14 fevralda Nigeriyada prezident və parlament seçkiləri keçirilməlidir. Ölkənin hazırkı prezidenti, 57 yaşlı Qudlak Conatan ölkənin şimalını təmsil edən xristiandır. O, ikinci müddətə prezident seçilmək uğrunda mübarizəyə qoşulub. Guya Conatan bunu "ölkənin dəyişməsi" planını başa çatdırmaq üçün edir. Amma onun, əslində, nədən danışdığı tam aydın deyil. Üstəlik, dünyada neftin qiyməti kəskin şəkildə ucuzlaşır. Nigeriya isə dünyada "qara qızıl"ın ixracına görə 7-ci sıradadır. Onun büdcəsinə daxilolmaların əksəriyyəti məhz neft satışındandır.
 
Seçki günü terrorçuların nəzarətində olan, əhalisi qonşu dövlətlərə qaçmış ərazilərdə səsvermənin necə təşkil olunacağı da tam aydın deyil.
Hazırkı Nigeriya tipik postmüstəmləkə dövlətidir - onun sərhədləri keçmiş qərbli sahibləri tərəfindən yerli əhalinin etnik, dini xüsusiyyətləri nəzərə alınmadan, kortəbii şəkildə müəyyənləşdirilib. Nigeriyada Afrika qitəsinin, demək olar ki, bütün bəlalarına rast gəlmək mümkündür - dəhşətli durumda olan infrastruktur, ölkənin müxtəlif hissələrinin inkişafında təzad (Cənub və Şimal), biabırçı həddə antisanitariya, miqyaslı korrupsiya, yoxsulluq, etnik-dini münaqişələr, İİV və digər virusların yayılması, islah müəssisələrində nasist konslagerlərini xatırladan acınacaqlı durum və s. Ölkədə əksər çoxluq 50 yaşdan yuxarı ömür sürə bilmirlər. Nigeriya ordusuna və polisinə gəlincə, onlar da dəfələrlə insan oğurluğunda, zorakılıqlarda, məhkəmədənkənar cəzalandırmalarda, qətllərdə ittiham olunub. Pertdən olan siyasi coğrafiya doktoru Stefan Devis Nigeriyanın bundan əvvəlki iki prezidentinin məsləhətçisi işləyib və oğurlanmış məktəbli qızların azad olunması istiqamətində ciddi cəhdlər göstərib. O, hesab edir ki, Nigeriyada terrorçuların əsas maliyyə mənbəyindən biri bəzi yerli siyasətçilərdir. Devisin sözləri abc.net.au saytında yer alıb. "VVS"nin məlumatına görə, 2007-ci ildə nigeriyalı biznesmen, "Daily Trust" qəzetinin sahibi Alxac Bello Damaqumaya qarşı "Boko Haram"a, ən azı, 300 min dollar yardım etmək ittihamı ilə cinayət işi açılıb. 2011-ci ildə Nigeriyanın Borno ştatından olan senator Ali Ndume də analoji cinayətdə şübhəli bilindiyi üçün həbs olunub.
 
Dünya ictimaiyyətinin gözləri qarşısında 170 milyon əhalisi olan, ən başlıcası isə normal həyatın qurulması üçün bütün resurslara malik Nigeriya "Afrika nəhəngi", ümid verən dövlət statusunu itirərək sürətlə xaos və ölüm məkanına çevrilir.
 









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR