Qəbələ, 27 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkil olunub. Bu qədər mətbuat nümayəndələrinin, yüksək səviyyəli musiqiçilərin iştirakı və fərqli musiqi janrlarına müraciət olunması tədbirin əhəmiyyətini artırır. Auditoriya bizi çox isti və səmimi qarşıladı. Bu günlərdə dünya şöhrətli musiqiçilər öz ifaları ilə festivala xüsusi ovqat gətirirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Avstriyanın “Vayner Akademiya” kamera orkestrinin üzvü, tanınmış violin ifaçısı Pavel Serbin deyib.
P.Serbin bildirib ki, festival çərçivəsində Avstriya musiqiçilərinin gözəl ifası hamının ürəyincə oldu: “Paytaxtdan uzaq bölgədə bu qədər insanın klassik musiqiyə olan marağı məni heyran etdi. Mən bunu öz ölkəmdə mütləq qeyd edəcəm. Burada dəyərli musiqiçilər bir araya gəlib. Bu baxımdan festivalı yüksək qiymətləndirirəm və burada olmaqdan çox məmnunam. Adətən belə festivallar böyük şəhərlərdə keçirilir. Amma bu cür gözəl bir yerdə, təbiət qoynunda, sakit bir şəhərdə klassik musiqi dinləməyin ayrı gözəlliyi var. Bu musiqi bayramının təşəbbüskarına və təşkilatçılara minnətdaram”.