Burada Azərbaycan cəmiyyətinin yox, məhz Mətbuat Şurasının mötəbər hesab etdiyi kütlə toplaşıb. Prezidentin ətrafında. Dövlətimizin birinci şəxsinin. Yəni bizim bundan yuxarı başımız yoxdur. Və təbii ki, yuxarı başa yığılanlar da məhz Yuxarı Başda tutduğu yerlərə layiq olmalı idilər. Dövlət başçısı ən yüksək vəzifəli şəxsdir. Bircə onu demək kifayətdir ki, onun Ali baş komandan kimi verəcəyi əmrlə biz ölümə belə hazır oluruq və ya olmalıyıq. Deməli o təsadüfi birisi deyil. Ən Vacib Kəsimizdir. Azərbaycan xalqının səs çoxluğu ilə özünə rəhbər seçdiyi, böyük mədəniyyətə, yüksək intellektual göstəricilərə və incə zövqə malik dövlət adamıdır. Xatırlayıram. Ötən ilin dekabrında Bakıda olan İordaniya şahzadəsi xanım Haya bint Əl Huseyn prezident İlham Əliyev haqqında təəssüratlarını yerli mətbuatla bölüşərkən məhz bu sözləri işlətmişdi: «Böyük mədəniyyətə, yüksək intellektual göstəricilərə və incə zövqə malik dövlət adamı». Bəs biz niyə onun bu kimi xüsusiyyətlərindən sui-istifadə edirik. Fotoqrafın qapısı-obyektivi açıqdır, bəs obyektin həyası…

İordaniya şahzadəsi Haya bint Əl Huseyn, Birinci xanım Mehriban Əliyeva, Prezident İlham Əliyev
Prezidentlər ümumiyyətlə adi adam olmur, seçilmiş şəxslər olurlar və onların adi birisi ilə təvazökarcasına çəkdirdiyi şəkil belə həmin o adi birisini qeyri-adiyə çevirir. Məsələn, Dövlət başçısının aşağı səviyyəli yüngül tamaşaçı kütləsinə hesablanmış populyar «Bozbaş pikçers» personajı ilə də, tanınmamış bir sıravi vətəndaşla da şəkil çəkdirmək haqqını tanıyırıq və belə addımları məhz onun hamının prezidenti olmaq vəzifəsinin bir sadə təsdiqi kimi də anlayırıq.

"Bozbaş pikçers"in personajının Prezidentlə "selfisi"

Prezidenti sadə vətəndaşlarla "selfisi"
Amma burası da var ki, Prezidentlə şəkil çəkdirmək həm də müəyyən mənada səlahiyyət, imkan və bəzi hallarda kəmfürsətlər üçün qazanc və ya xərac mənbəyi ola bilir. Elə buna görə də «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbasın «qəlb harayı» ilə dolu çağırışı bizə maraqlı gəldi. Baxmayaraq ki, bu şəkildə elə ən böyük suallardan biri elə məhz «Paralel» qəzeti kimi qeyri-kütləvi informasiya vasitəsinin tanınmamış baş redaktorunun hətta Əli Həsənov kimi ölkənin ictmai - siyasi mühitinə ciddi nüfuz edə biləcək dərəcədə ağır çəkili bir xadimi belə itələyərək düüüüz dövlət başçısının yanına necə gedib girməsidir.
Tapdıq Abbası əsəbiləşdirən odur ki, onun arxasında dayanan şəxslər öz aralarında bu baş redaktor haqqında xoşagəlməz nələrsə pıçıldaşıblar. Bizə isə, ümumiyyətlə, bu şəkilçilərin və şəklin seçim qaydası özü maraqlıdır. Məsələn, Mətbuat Şurası dövlət başçısı üçün bu fonu necə seçib? Əflatun Amaşovun dayaq prinsipləri hansılardır? Prezidentin fonunda niyə Avromedin rəhbəri var, amma əfsanəvi Şirməmməd Hüseynov yoxdur?!

Prezident İlham Əliyevin Mətbuat Şurası ilə çəkdirdiyi şəkil
Prezident dəvət olunan şəxsləri yaxınnan tanımaya bilər. O bütün günü qəzet oxumur və elə bu sonuncu tabloya da onun «mənə bəzən doğru məlumat vemirlər və ya məndən məlumatı gizləyirlər!»- sözünün qüvvəti kimi yanaşaq. Amma axı Mətbuat Şurasının sədri bu adamları tanıyır. Tanımalıdır. Tanyıyırsa, deməli cəmiyyətin tanımadıqlarını tanıyır və onda bu bir başqa qəbahətdir, çünki onun tanıdıqları ən azı cəmiyyətin böyük əksəriyyətinin tanıdıqları olmalıydı. Yox əgər onun tanıdığı mətbu orqanlarının rəhbərləri Mətbuat Şurasının özəyidirsə, demək onda əsl Mətbuat Şurası hələ yaranmalıdır?!
İndi isə Tapdıq Abbasın «bu şəkillərdən pul qazanmaq məqsədi ilə istifadə» olunmasına vurduğu açıq eyham barədə. Azərbaycan bir sıra maraqlı cəhətləri ilə unikaldır. Yəni burada vəzifəli şəxsin vizit vərəqəsi ilə villa tikdirən, uşağını ali məktəbdə təhsil haqqından azad edən, hətta şirkət yaradıb milyonçu olan, Həcc ziyarətinə zəvvar göndərən də tapmaq olar. Biz hələ yol polisinə vizit vərəqəsi göstərib qırmızı işıqda şütüyən «qıpqırmızılardan» danışmırıq. Yox, adamın üstündə Allah var. Mətbuat belə şey eləmir. O maşının ön şüşəsinə PRESS yazıb qoyur, amma mahiyyətcə elə eyni şeydir, yəni toxunulmazıq. İndi təsəvvür edin ki, dövlət başçısının yanında, arxansında, sağında, solunda poza verən görkəmli, amma bizim tanımadığımız nə qədər konspirativ parlaq şəxsiyyət var və onlar bu şəkildən öz təyinatları üzrə necə istifadə edəcəklər...
Yəqin ki, dövlət başçısının şəkli üçün fon seçərkən Əflatun Amaşov ən yaxşısını düşünüb?! Bu belədirsə, belə deyil. Bu belə deyilsə, yenə də belədir. Çünki dövlətin birinci şəxsinin yanında əsil birincilər olmalıydı. Arxa cərgələrə sıxışdırılmış Aqil Abbas və Rəşad Məcid zəif təsəllidir. Çox xahiş edirəm hamıdan bu kollektiv şəklə diqqətlə baxsın, görək Prezident ətrafında birləşmiş bu insanların heç olmazsa 60 faizini ilk baxışdan tanıya bilirmi? Biz hələ ondan danışmırıq ki, bu sırada dövlətin əleyhinə uzun müddət qələm çalmaqda bir ömür yaşamış insanları axtarmaq istəyənlər üçün də material var.
Dəyərlər itir.
Şirməmməd Hüseynovun yeri tutulur…
Mais Məmmədovun yeri tutulur...
Sabir Rüstəmxanlının yeri tutulur...
Bir göz kimi tutulur…
Sonra da bu tutulmuş gözlərlə işıqlı gələcək axtaracağıq.
Biz bu qeydləri hazırlayarkən istədik, Tapdıq Abbasla görüşək və onun-alovlu mətbuat mübarizi rolunda bir nəfəsə çıxış etmiş Zərdabiçinin daha geniş fikrilərini alaq. O isə müsahibədən imtina etdi və bildirdi ki, bu bir daxili məsələ idi və qapandı… Bizə elə gəldi ki, bir şəkilçəkdirən kimi elə bu müəllimin də öz maraqları var… Niyə də olmasın, Prezidentin sağ tərəfində dayanmaq şərəfinə nail olmuş istənilən şəxs böyük adamdır. Allah, sən saxla!
Bizə bir məsələ qaranlıq qalır: Bilirik ki, onsuz da Prezident bu adamlarla - əksəriyyətinin tərkib hissəsi olan ümumi fonla şəkil çəkdirərkən heç nə qazanmır. Əksinə, öz nüfuzundan, hörmətindən bir parça pay verir. Bəs bu fonu quraşdıranlar, fotoqrafın pendir təbəssümü üçün ovuca növbə sırası yazanlar bilirlərmi dövləti bu yolla gözdən salırlar?.. Ola bilər ki, Əflatun Amaşov türkün sözü - "Şurası Mətbuat!" deyə - bizi qandırsın ki, Mətbuat Şurasının üzvləri bunlardan ibarətdir, mən neyləyə bilərəm ki… Onda başqa bir sual: niyə Əflatun müəllim, niyə axı Mətbuat Şurası bunlardan ibarətdir?.. Məgər "Əkinçi"nin şumundan elə bunlar bitib… Qorxmursunuz ki, əkəninə söyələr?..
P.S. Bu gün eşitdik ki, Zərdab səmasında bir vertolyot uçur… Bəlkə kimsə gedib Həsən bəyin qəbrinə baxsın, bəlkə goru açılıb…