Putin yeni zərbələr hazırlayır

Putin yeni zərbələr hazırlayır
00:27 26 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın liderliyi, ən başlıcası isə yürütdüyümüz siyasət və tətbiq etdiyimiz diplomatiya nəticəsində Rusiyanın iqtisadiyyatı çox ağır vəziyyətə düşüb. Bunu artıq etiraf etmək gərəkdir".

ABŞ prezidenti Barak Obama Konqres üzvləri qarşısında çıxış edərkən belə dedi.
Beləliklə, Vaşinqton Moskvaya qarşı strateji maliyyə-iqtisadi savaş apardığını etiraf etdi.
ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi 758 saylı qətnamə isə Rusiyaya qarşı yönəlmiş siyasi, diplomatik, iqtisadi hücumların daha da genişlənəcəyini göstərir.



Rəsmi Moskvanın olanlara yeni reaksiyasından sonra Avropa Birliyi də amerikalıların Rusiyaya qarşı sanksiyalarının ağırlaşma mərhələsinə qatıldı.
Fəqət, Qərbin sanksiyalar, embarqolar və cəza tədbirləri tətbiq etdiyi İran, Şimali Koreya və ya Eritreyadan fərqli olaraq, Rusiya çox zəif, iqtisadi-hərbi və maliyyə potensialı, ən başlıcası isə siyasi imkanları zəif ölkə deyil.
Rusiya prezidenti Vladimir Putinin cavab tədbirlərinə əl atacağı şübhəsizdir.

Rəsmi Moskva anlayır ki, Birləşmiş Ştatların 1986-cı ildə sabiq SSRİ-yə qarşı başladığı və dünya bazarlarında xam neftin qiymətlərinin Səudiyyə Ərəbistanı başda olmaqla Fars Körfəzi ölkələri vasitəsilə süni şəkildə aşağı salınmasına əsaslanan maliyyə-iqtisadi savaş Sovetlər Birliyinin dağılması ilə nəticələndi.
Krımın işğalı və Ukraynadakı vətəndaş müharibəsini alovlandırmasından sonra Rusiyaya qarşı ABŞ-ın apardığı yeni siyasətin vurduğu ziyanları azaltmaq üçün Moskva bütün tədbirlərdən, vasitələrdən və metodlardan yararlanacaq.

Vəziyyət Rusiyadakı mövcud hakimiyyətin varlıq məsələsinə çevrilib.
Vladimir Putin heç bir halda Mixail Qorbaçov deyil. O, sabiq sovet lideri kimi təşvişə düşərək geri çəkiləsi, mövqelərini Qərbə könüllü təhvil verəsi deyil.
Putin ABŞ-ın bütün təzyiqlərinə rəğmən siyasətində köklü dəyişikliklər etməyəcək.
Nəhəng əraziyə, ballistik nüvə raketlərinə və superdövlət irsinə malik Rusiyanın sanksiyalarla embarqolar qarşısında diz çökərək məğlubiyyətini etiraf edəcəyini düşünmək sadəlövhlük olardı.



Rusiyanı qlobal geosiyasi proseslərə təsir imkanlarını bilmərrə itirmiş dövlət hesab etmək də olmaz.
Moskva bir çox regionlarda hadisələri idarə edə bilir, hətta hakimiyyətləri devirmək və ya bəlli ölkələrin ərazilərində separatçılara dəstək verərək vətəndaş müharibəsini alovlandırmağı, yaxud da tam əksinə, mövcud hakimiyyəti yıxmağa çalışan silahlı müxalifətin bütün cəhdlərinə rəğmən, dəstəklədiyi iqtidarı qorumağı bacarır.

Ukraynada və Suriyada olduğu kimi.
Hər halda, ABŞ-ın bütün cəhdlərinə, Suriyadakı silahlı müxalifətçilərə verdiyi siyasi dəstəyə, ayırdığı milyardlarla dollarlıq yardımlara, yolladığı silah və hərbi texnikalara rəğmən prezident Bəşər Əsəd rejimi hələ də iqtidardadır. Üstəlik, Suriya məsələsində Vaşinqton canını dişinə tutaraq Moskvanın təklif etdiyi çözüm variantı ilə qismən razılaşıb və Bəşər Əsədi devirməklə bağlı planlarının intensivliyini azaltmaq məcburiyyətində qalıb.
Bu səbəbdən də Qərbin sanksiyalarına, xüsusilə də amerikalıların hədsiz dərəcədə sərtləşən, aqressiv təzyiqə çevrilən siyasətinə Moskvanın cavabları dünyanın müxtəlif regionlarında fərqli sonuclar verə bilər.

Məsələn, İran.



Rusiya müdafiə naziri Sergey Şoyqunun yanvarın 19-20-də Tehrana rəsmi səfəri əsnasında İrana C-300 raket komplekslərinin satılmasını nəzərdə tutan anlaşma Moskvanın ABŞ ilə Avropa Birliyinə sərt cavablar siyasətinin ilk mərhələsi sayıla bilər.
Vladimir Putinə qarşı təzyiqlər artarsa və ya indiki formatını dəyişməzsə, onda İranın nüvə proqramı ilə bağlı aparılan, Birləşmiş Ştatların bu il başa vurmağa çalışdığı danışıqlarda kollaps yaranacaq. Bunun üçün Moskvanın Tehrana uranın zənginləşdirilməsi ilə bağlı bir və ya bir neçə müasir texnologiyanı verməsi kifayətdir.

İran uranın zənginləşdirilməsi, xüsusilə də nüvə bombasının yaradılması üçün zəruri plutoniumun əldə olunması istiqamətində əhəmiyyətli, Qərb üçün olduqca təhlükəli addım atacaq və beləcə, Yaxın Şərqdəki qüvvələr nisbəti bölgədə ABŞ-ın ən yaxın, ən sadiq müttəfiqləri sayılan İsraillə Səudiyyə Ərəbistanının zərərinə dəyişəcək.

Üstəlik, ABŞ-ın "demokratiya dərsi" keçərək viran qoyduğu Suriya və ya İraqdan fərqli olaraq, İran aviazərbələrdən tutmuş, kobud müdaxilələr üçün toxunulmaz vəziyyətə malik olacaq. Çünki amerikalıların hərbi təyyarələri İran səmasında peyda olan kimi Tehran raketlərini İsraillə Səudiyyə Ərəbistanına buraxacaq.

Regionda hadisələrin belə inkişaf ssenarisi bölgənin ciddi geosiyasi oyunçularından olan Türkiyənin də maraqlarına toxunduğundan rəsmi Ankara hazırda birmənalı şəkildə Qərbi dəstəkləməyərək məntiqli siyasət yeridir və Rusiya ilə münasibətləri daha da inkişaf etdirir. Bu minvalla Ankara "nə Qərb, nə Rusiya - amma eyni zamanda həm Qərb, həm də Rusiya" taktikasını reallaşdırır.



Vaşinqtonun maliyyə-iqtisadi sanksiyalarına və aşkar hücumlarına Moskvanın daha bir cavabı Çinlə əməkdaşlığın aktivləşdirilməsi, işbirliyinin sürətlə genişləndirilməsi olacaq.
Pekin bilir ki, Rusiya məğlub olarsa, ABŞ-ın növbəti hədəfi məhz odur.

Müdrik siyasət yürüdüb bütün təfərrüatları və ən incə xırdalıqları nəzərdən qaçırmamağı diplomatiyasının məhvər prinsipinə çevirmiş çinlilər məhz bu səbəbdən Rusiya ilə tərəfdaşlığı gücləndirərək ABŞ-ın regiondakı dayaqlarının möhkəmlənməsinin qarşısını almağa çalışırlar.
Rusiya və Çinin enerjidaşıyıcıları sahəsində yeni müqavilələr imzalaması, ən başlıcası isə Pekinin Rusiyadan alacağı təbii qazın müqabilində ödənişləri ABŞ dolları ilə yox, milli valyuta ilə həyata keçirmək istəyi də Moskva üçün problemin həll yollarından biridir.

ABŞ ilə həddən artıq aktiv iqtisadi və ticari əlaqələri olan Pekin ehtiyatlı davranır, Moskva ilə belə anlaşmalar vasitəsilə maliyyə-iqtisadi savaşlarda çox əhəmiyyətli, gərəkli təcrübə əldə edir.

Rusiyanın ABŞ-a qarşı cavab tədbirlərindən biri də Avropa Birliyinin amerikalılara verdiyi dəstəyin zəiflədilməsi olacaq.
Avropa Birliyində bir sıra ölkələrin, xüsusilə də Almaniya və Fransanın rəhbərliyi Rusiyaya qarşı "cəza tədbirləri"nin həyata keçirilməyə başlandığı ilk mərhələdən amerikalıların sanksiyalarını ifrata varmaq sayırdılar. Onlar yalnız Vaşinqtonun əvvəlcə dilətutmaları, sonra da aşkar şantajlarından sonra sanksiyalara qatıldılar. Lakin az sonra Paris və Berlin Rusiya təki nəhəng bazarda mövcudluğun zəiflədilməsinin necə ziyanlara səbəb olduğunu, hansı itkilərlə nəticələndiyini gördülər.
İndi Paris və Berlin simalarını itirməmək şərtilə Moskvaya qarşı embarqolara son qoymağın yollarını arayırlar. 2008-ci ildə başlanmış siyasi-iqtisadi böhrandan hələ də çıxa bilməyən Avropa Birliyi heç bir halda uzunmüddətli iqtisadi itkilərə dözə bilməyəcək.



Moskvanın Şərqi Avropa ölkələrinə qarşı təzyiq imkanlarını, habelə təbii qaz satışı kimi effektiv təsir rıçaqlarını da unutmayaq.
Və ən nəhayət, ilk baxışdan nə qədər paradoksal görünsə də, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını inkişaf etdirə bilər. Çünki büdcə gəlirlərinin əhəmiyyətli hissəsi enerjidaşıyıcıları satışlarından əldə edilən pullara əsaslanan və bu baxımdan qismən Səudiyyə Ərəbistanına bənzəyən Rusiya iqtisadi-sənaye infrastrukturunu inkişaf etdirməyə, modernləşdirməyə çətinlik çəkirdi.

Sanksiyalar isə Rusiyanı həmin infrastrukturu təkmilləşdirməyə vadar edir.

Bu il çox çətin olacaq. Rusiya, Avropa Birliyi və ABŞ ilə yanaşı, bütün dünya, o cümlədən Cənubi Qafqaz təki çox qarışıq, mürəkkəb, önəmli bir bölgədəki Azərbaycan üçün. Qonşuluğumuzdakı ölkələr bizə daha çox təzyiq göstərməyə çalışacaq, Avropa Birliyi və ABŞ öz tərəflərinə daha ciddi şəkildə çəkməyə can atacaq, Rusiya təsir imkanlarını artırmaq üçün bütün vasitələrdən bəhrələnəcək, İran isə bütün bunları laqeyd müşahidə etməyəcək.
Rusiya-Ukrayna-Şərqi Avropa oxu üzrə artan gərginlik regional fəsadlarla yanaşı, qlobal nəticələr verəcək.

Yaxın Şərqdəki durum isə partlayış həddinə bir qədər də yaxınlaşacaq.

Bizi belə il gözləyir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR