Bakı, 11 avqust, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Rüstəm Abdullayevin üzərində şəxsi yoxlama zamanı 1 ədəd bükümdə, cəmi 15 ədəd metadon adlı həb aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, İrandan ölkəmizə piyada gələn digər Azərbaycan vətəndaşı Faiq Xudiyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 13 ədəd metadon adlı həb aşkar olunub.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52 qram təşkil edir.