Naxçıvan, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 8 min 808 metr məsafədə Mahmudoba-Kolanı və Ordubad rayonunda 8 min 300 metrlik məsafədə Parağa-Tivi kəndlərarası fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bununla yanaşı, ötən ay Naxtel baza stansiyalarında 4G şəbəkəsinin qurulması işi də davam etdirilib. Naxçıvan şəhərində, Şərur rayonunun İbadulla, Babək rayonunun Nehrəm, Cəhri, Nəzərabad kəndlərində, eləcə də Culfa, Ordubad və Şahbuz rayonları ərazisində yeni 4G baza stansiyaları qurularaq istifadəyə verilib.
“Elektron hökumət” portalının fəaliyyəti də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin elektron xidmətlərində müvafiq dəyişikliklər edilib. Bundan başqa, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq yarışın “İdman Azərbaycan” və “Kanal 35” televiziyaları ilə yanaşı, www.nakhchivan.az portalında da canlı yayımı təşkil olunub.
Naxçıvanda internet xidmətlərinin səviyyəsi də yüksəldilib, daxil olan internet trafikinin həcmi 10 Gb/s-dək artırılıb. Bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərib, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlayıb.
Muxtar respublikada abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə 285 yeni telefon nömrəsi istismara verilib.
