Sergey Lavrovun Səud naziri ilə görüşündən video
Açıq mikrofonlar ilk dəfə deyil ki, siyasətçiləri ifşa edir. Ən məşhur belə hadisə, bəlkə də, ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın başına gəlib. 1984-cü il avqustun 11-də amerikalılara ənənəvi müraciəti zamanı ABŞ-ın keçmiş prezidenti zarafat etmək qərarına gəlib. O, verdiyi sərəncam haqqında hazırlanan nitqini dəyişmişdi. Nitq əslində belə başlamalı idi: "Mənim amerikalı həmvətənlərim, mən bu gün dini qruplarda təhsil alan məktəblilərə azad toplaşmaq hüququnun verilməsi haqqında sərəncam imzalamışam."
Lakin prezident mətni müharibə mövzusuna dəyişərək demişdi ki, o, 5 dəqiqədən sonra Rusiyanın bombardman edilməsi haqqında sərəncam imzalayıb. Yayım başlamasa da, səs rejissorlarından biri sonradan həmin səs yazısını ictimaiyyət üçün əlçatan etmişdi.

Ronald Reyqan - ABŞ-ın 40-cı prezidenti
2005-ci ildə Uels şahzadəsi Çarlz Kamilla Parker-Boulz ilə toya hazırlaşırdı. O, İsveçrədəki mətbuat konfransında şahzadələr Uilyam və Harriyə müraciət edərək deyib: "Mən buna necə də nifrət edirəm. Bütün bu adamlara nifrət edirəm." Bu sözləri bütün zal eşidib. BBC müxbiri sarayda olarkən ondan toyqabağı özünü necə hiss etdiyini soruşanda isə o istehza ilə belə cavab verib: "Siz ki hər şeyi öz qulaqlarınızla eşitdiniz və mən buna çox şadam."

Şahzadə Çarlz - Uels şahzadəsi və Kamilla Parker-Boulz
2011-ci ildə eyni vaxtda iki siyasətçi - ABŞ prezidenti Barak Obama və Fransanın keçmiş prezidenti Nikola Sarkozi də texnologiyanın qurbanı olub. Onlar İsrailin baş naziri Benyamin Netanyahunu müzakirə edən zaman zaldakılar sinxron tərcümə cihazları vasitəsilə prezidenlərin baş nazir haqqında xoşagəlməz sözlərini eşidiblər. Sarkozi Netanyahunu yalançı adlandırıb və deyib ki, Netanyahunu görməyə gözü yoxdur. Obama isə ona cavabında "Siz ondan bezmisiniz? Mən isə hər gün onunla ünsiyyətdə olmalı oluram!" deyib.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi və ABŞ prezidenti Barak Obama
1993-cü ildə Böyük Britaniyanın baş naziri Con Meycorun da başına belə xoşagəlməz hadisə gəlmişdi. O, telekanala müsahibəsindən sonra mikrofonun açıq olduğunu unudub. Baş nazir onunla razılaşmayan 3 naziri "düşük" adlandırıb və əlavə edib ki, onları "böyük məmnuniyyətlə çarmıxa çəkərdi." O, özünü də tənqid edərək deyib ki, "anlamıram, necə olur ki, mənim kimi cılız adam daim qalib gəlir."

Con Meycor - Böyük Britaniyanın keçmiş baş naziri