Gəncə, 15 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində şəhər ziyalılarının iştirakı ilə Gəncədə yaşayıb-yaratmış tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda son zamanlar Gəncədə keçmiş sovet dövründə adlandırılmış 600-dən çox küçənin adının dəyişdirilməsi müsbət hal kimi dəyərləndirilib, eyni zamanda, bəzi küçələrə vaxtilə Gəncədə yaşamış tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin adlarının verilməsi təklif olunub.
Bundan başqa, yığıncaqda şəhərin müxtəlif ərazilərində dəfn olunan görkəmli şəxsiyyətlərin məzarlarının Gəncədəki Fəxri xiyabana köçürülməsi barədə də fikirlər səsləndirilib.
Sonda ziyalılar adından şəhər icra hakimiyyətində müraciət ünvanlanıb.