"Bir də teatra qayıtmayacağam"

"Bir də teatra qayıtmayacağam"
15:37 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Flora Hüseynovanın Azərbaycan teatr tarixində özünəməxsus yeri var. Hələ tələbəykən "Ovod" tamaşasında Cemmanı, Nodar Dumbadzenin "Ağ bayraqlar" tamaşasında Nununu yüksək səviyyədə oynayıb.

Gənc yaşlarında professional səhnədə "Mənim nəğməkar bibim" (Əkrəm Əylisli) tamaşasında Mərcan obrazını, Vaqif Əsədovun quruluşunda "Elektra", "Mənim Tanrım gözəllikdir" tamaşalarında, o cümlədən, "Apardı sellər Saranı", Georgi Xuqayevin "Mənim qayınanam" tamaşasında maraqlı, yaddaqalan obrazlar yaradaraq tamaşaçıların rəğbətini qazanıb.

Flora xanım bir sıra filmlərdə də çəkilib. Vaqif Əsədovun "Sirr", Adil Azayın "Son hədd", Babək Şirinsifətin "Çaqqal nəfəsi" filmlərində maraqlı obrazlar yaradıb.

Rövşən İsaxın "Sonuncu fəsil" serialı (42 seriya) da ona uğur gətirib...

Bu günlərdə aktrisa ilə rəhbəri olduğu Badamdar Mədəniyyət Evində görüşdük. Gələcək planları və arzuları barədə danışdıq.

- Flora xanım, aktrisalığa meyl sizdə nə vaxtdan yaranıb?

- Heç kimin ağlına gəlməzdi ki, mən incəsənət sahəsinə, aktrisalığa meylli olaram. Baxmayaraq ki, orta məktəbdə aktiv idim, məktəb tədbirlərində çıxış edirdim. Bu tamam başqa bir şey idi. Daxilən qapalı olmuşam, çox danışan, çox gülən olmamışam.

Bir hadisə heç vaxt yadımdan çıxmır. Dördüncü-beşinci sinifdə oxuyurdum, o vaxt televiziyada "Ekran, kino, yeniliklər" verilişi var idi, verilişdə hansısa filmdən və bir qazax aktrisanın yaradıcılığından bəhs edilirdi. O filmə baxdıqca, içimdə qəribə arzular baş qaldırdı. Düşündüm ki, aktrisa olmaq istəyirəm. O vaxt bu sənət əlçatmaz idi. Cücərtilər də içimdə o vaxt oldu.

Bizim nəslimizdə belə bir ənənə var idi ki, hamı Bakı Dövlət Universitetini bitirməliydi. Anam istəyirdi ki, filologiya fakültəsinə daxil olum. Mən gedib Bakı Dövlət Universitetinin sənəd qəbul olunan yerində fırlanıb evə gəldim. Dedim ki, sənədlərimi qəbul etmədilər. Sonradan da vaxtı ötürdüyüm üçün sənədlərimi Mədəni Maarif Texnikumuna verdim. Peşman deyildim. Daxilimdə çox sevinirdim. Evdə hamı mənim texnikuma girməyimə qəribə baxırdı. O vaxt bu texnikumda aktyor və rejissorluq fakültəsi var idi. Fikrət Zəkiyev mənim rejissorluq müəllimim oldu. O, çox tez rəhmətə getdi. Həmin dövrdə texnikumda yüksək səviyyədə hazırladığımız "Ovod" tamaşasında Cemmanı, Nodar Dumbadzenin "Ağ bayraqlar" tamaşasında Nununu oynamışam. Bu, hafizəmə həkk olunub. Ömrümün axırına kimi unudulmayacaq hisslər keçirmişəm orda...

- Bəs gənc tələbənin Naxçıvana getməyi necə oldu?

- Texnikumu fərqlənmə ilə bitirdim. Amma təyinat veriləndə, dedim ki, Naxçıvana gedəcəyəm. Əslimiz ordan olduğu üçün valideynlərim də razı oldular. Həmin ərəfədə mən nişanlanmışdım. Mənimlə bir kursda oxuyan nişanlım da ora təyinat aldı. Mən Naxçıvana sevinə-sevinə getdim. Sırf vətənpərvər kimi getdim ki, dövlət məni oxutdurub, mən də dövlətə xidmət etməliyəm. Bu düşüncələrlə, dünyagörüşü ilə yaşamışıq... Bəlkə də indi bizdə qalan bəzi hisslər var ki, o düşüncələrdən qaynaqlanır...

1984-cü ildə biz təyinatla Naxçıvan Mədəniyyət Nazirliyinə gəldik. Nazir millət vəkili Fəttah Heydərov idi. Onda 20 yaşım tamam olmamışdı. Allah ona can sağlığı versin. Məni görəndə, qəribə, acıqlı nəzərlərlə baxdı. Mən təyinat vərəqəmi ona uzatdım. Dedi: "A bala, səni bura kim göndərib? Mən səni qazı, işığı olmayan ucqar kəndə göndərməliyəm. Sən orda necə yaşayacaqsan?" Dedim ki, nişanlım da burdadı. Dedi ki, "o guya nə edəcək? O da şəhərdən gəlmiş uşaqdı". Fəttah müəllim tanımadığı bir adamı o qədər mehribanlıqla, istiqanlılıqla qarşıladı, öz övladını tapşıran kimi götürüb Naxçıvan Dram Teatrının direktoru Nizami Həmzəyevə zəng etdi. Direktora dedi ki, iki gənc gələcək, onlari işlə, yaşayış yeri ilə təmin etsin. Çox böyük adam, tanış-biliş lazım idi o vaxt bu işlər üçün. Amma bu, Fəttah müəllimin tanımadığı adama, gənclərə təmənnasız göstərdiyi bir qayğı idi...

- Naxçıvan Dram Teatrına gəlişiniz yaddaşınızda necə qalıb?

- Biz teatra gələndə, orda Baxşı Qələndərli adlı yaşlı bir rejissor var idi. Ağ saçları çiyninə qədər tökülmüşdü. Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tamaşasını hazırlayırdı. Mən rusdilli idim. Ona görə Zivər xanım obrazını mənə verdi. Sevindim, qürur hissi keçirdim ki, mənə belə bir rol verdilər. Mən o teatra düşməyimi bir şans sayıram. Sofiya Hüseynova, Eyyub Haqverdiyev, Əkbər Qardaşbəyov, Rövşən Hüseynov, Həsən Həsənov, Roza Cəfərxanova, Zemfira Əliyeva, Yasəmən Ramazanova, Nəzakət xanım, Sona Mirzəyeva kimi o dövr üçün sözünü demiş sənətkarlarla tərəf müqabili oldum...

Sonra Vaqif Əsədov Sofoklun "Elektra" əsərini tamaşaya qoydu. Orda Kasandranı oynadım. O tamaşa ilə Gürcüstana qastrola getdik. Həmin tamaşa Moskva televiziyası ilə çəkilib nümayiş olundu. Vaqif Əsədova Allah can sağlığı versin. Mən ondan çox şey öyrənmişəm. Teatrda adətən pafosa çox yer verilir. Amma Vaqif Əsədov bundan çox uzaqdır. O, daxilən o qədər ruhla işləyən insandır ki, sənin daxilini, ruhunu danışdırır. Deyirdi ki, səsinin bərk çıxmağı o qədər vacib deyil. Sifətinin cizgiləri, mimikan, daxilin üzünə vurur ki, pıçıltı ilə də danışanda tamaşaçı səni eşidir.

"Mənim nəğməkar bibim" tamaşasında Mərcan obrazını, Vaqif Əsədovun quruluşunda Hüseyn Cavidin "Mənim Tanrım gözəllikdir, sevgidir" tamaşasında Cavid Poeziya Teatrında oynamışam. O cümlədən, "Apardı sellər Saranı" tamaşasında və qastrol səfərlərində Georgi Xuqayevin "Mənim qayınanam" tamaşasında həyat yoldaşım Tahir Mirzəyevlə oynamışıq.

Zəroş Həmzəyeva kimi bir aktrisa ilə yubiley tamaşalarında bir səhnədə oynamağım heç vaxt yadımdan çıxmır...

- 4 il Naxçıvanda işlədiniz. Naxçıvan tamaşaçısı sizə necə təsir bağışladı?

- Naxçıvan tamaşaçısı teatral, ədəbiyyata, teatra qiymət verən, teatrı sevən tamaşaçı kimi qalıb yaddaşımda. Adi günlərdə belə tamaşa zalını boş görmək olmazdı. İqlimi sərt olan bir yerdə qışın ortasında da zal tamaşaçı ilə dolu olurdu.

- Bəs niyə Bakıya qayıtdınız?

- Təyinatın vaxtı bitmişdi, həm də həyat yoldaşım İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdu. Məcburən Bakıya qayıtdıq. Onda iki qızım da var idi. Mən mədəniyyət evində bədii rəhbər işləməli oldum. Uşaqları bağçaya qoydum. Artıq ordan gələndə bilirdim ki, teatrda işləməyəcəyəm. Teatrda işləyən aktyorların, aktrisaların övladları əziyyət çəkirlər. Mənəvi əziyyəti də valideynləri çəkirlər. Vaqif Əsədov bir dəfə dedi ki, Zemfira xanımla tamaşadan qayıdanda, gördük ki, qapı açılmır. Uşaqların üçü də ağlayıb-ağlayıb, qapının ağzında yatmışdılar. "Mən o səhnəni ömrümün axırına qədər özümə bağışlamayacağam", - dedi Vaqif muəllim...

Naxçıvan teatrı mənim xəyalımda bir ailə kimi qalıb. Mən orda gözəl ab-hava görmüşəm, ailə qayğısı görmüşəm. Düşünmədim ki, bura gələndə, hansısa teatrda işləyib o qayğını görəcəyəm. İkincisi, övladlarımı o çətinliklərdən uzaq saxlamaq istəyimdir. Teatrda bir il işləyən adam bilir ki, ordan çıxmaq mümkün deyil. Bu sənəti çox sevirəm. Ordan çıxmaq insana nə qədər əziyyət verir. Teatr müqəddəs bir yerdir...

- İndi ürəyinizdən hansı rolu oynamaq keçir?

- Bəlkə də uzun müddət teatrda oynamamışam deyə, o arzunu açıb-ağardıb, özümü incitmək istəməmişəm. Mən elə insanam ki, bir şeyin reallaşmayacağını biləndə, onun haqqında düşünməməyə çalışıram. Bu, məni incidə bilər.

- Səhnəyə qayıtmağınız necə oldu?

- Vaqif Əsədov məni "Sirr" filminə dəvət etdi. Orda uşaq evinin direktorunu oynadım. Mənim daxilimdə bu sənətlə bağlı güclü potensial var.

"Sirr"dən sonra Adil Azayın "Son hədd", Babək Şirinsifətin "Çaqqal nəfəsi" filmlərində kicik rollarda oynadım. Sonra Rövşən İsaxın "Sonuncu fəsil" serialında Nüşabə obrazını canlandırdım. Mənim həyat yoldaşımı xalq artisti Ramiz Novruz oynadı. Mən ona dəstəyinə və köməyinə görə təşəkkürümü bildirirəm.

Rövşən İsaxla işləmək həqiqətən bir təcrübədi. Rövşən müəllim sırf aktyorlarla işləyirdi. O serialda hər kəs öz yerində idi. Ona görə serialda çox uğurlu aktyor oyunu var idi. Çox gözəl iş abı-havası var idi orda. Hal-hazırda çəkilən seriallarda qeyri-professionalların, qeyri-sənət adamlarının çoxluq təşkil etməyi məni narahat edir. Hər kəs öz işi ilə məşğul olanda, daha gözəl olur. Kiməsə az maaş verib sənəti bərbad günə qoymaq olmaz. Aktyora pul verilməlidir. Onsuz da dünya miqyasında olan aktyorların aldığı qiyməti almır.

- Bildiyim qədər, qızınızın gözəl səsi olub. O da incəsənət adamı olmaq istəyib. Niyə mane oldunuz?

- O mənim yaralı yerimdi. Çox gözəl səsi olub. İndi də var. Amma mənim yanımda oxumur. Sadəcə, İncəsənət Universitetinə qoymadım getsin. Mən o vaxtlar ona elə bir qadağa qoymadım. Dedim ki, başqa sahədə oxu, savad al. Bir valideyn kimi uğaşımın gələcəyini düşündüm. Hazırda xarici şirkətdə işləyir, normal maaş alır. Tərcüməçidir. Sabah gedib bir bəstəkardan mahnı da ala bilər, aranjmanını da elətdirə bilər. Heç kimə möhtac olmaya-olmaya öz işini görə bilər. Hətta o vaxt Azərpaşa Nemətov Şekspirin əsərini tamaşaya qoyanda, o tamaşada oynamağına şərait də yaratdım. Onda qızımın 22-23 yaşı olardı. O zaman aktyorların nə qədər cüzi maaş aldığını qızım orda görürdü. Ona görə də mənə dedi ki, "sən, hardasa, düz eləmisən..."

- Ailəniz nədən tez dağıldı?

- Qadın həddindən artıq güzəştə gedəndə, dəyərsiz olur. Yoldaşım gündüz fakültəsinə qəbul oldu, bütün yükü mən öz üzərimə götürdüm. O, bütün məsuliyyətdən azad olmuş insan kimi, ailə məsuliyyətini də üzərindən atdı. Günlərin birində də Sankt-Peterburqa getdi, orda qaldı. Bizi çağırdı ora. Getdim. Amma anladım ki, biz bir yedə yaşaya bilmərik.

- Tənhalıq sizi qorxutmur ki?

- Düşünmürəm ki, insanın ətrafında yaxınları çox olanda, o, tənha olur. İnsan tənhadırsa, istəyir ətrafında nə qədər qohumu, dostu-tanışı olsun, ruhən tənhadır. Mən ruhən tənhayam. Tənhalıq ruhun vəziyyətidi, ruhun halıdı. Təklik başqa şeydir, tək olmaq tənhalıq deyil, yaradıcı insanların çoxu tənhadır, məncə...

- Eşitdiyimə görə, yeniyetmələrdən ibarət bir teatr kollektivi yaratmısınız...

- Mən Xəzər rayonunda -Şüvəlan Mədəniyyət Evində 20 il direktor işləmişəm. O müddətdə böyük bir teatr kollektivi yaratmışam. O kollektivə artıq iki il olar ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Xalq Teatrı satatusu verib. Orda işləyən gənclər artıq teatrlarda oynayırlar, kinolara çəkilirlər. Mən yetirmələrimlə fəxr edirəm. O teatrdakı 4-5 dolabda mənim öz əlimlə teatr tamaşaları üçün tikdiyim paltarlar var. Canımı qoymuşam orda. Teatra uyğun paltarları özüm kəsib-biçir, tikiş maşınında özüm tikirdim. Anam dərzi idi. Ondan öyrənmişdim paltar tikməyi. Aktyorları da tamaşaya özüm hazırlayırdım.

- Flora xanım, axır vaxtlar bu barədə çox danışılır: açıq-saçıq səhnələrə münasibətiniz necədir?

- "Silindr" tamaşasına həvəslə baxdım. Orda səhnələr var ki, onları vacib saymıram. Tamaşaçıya sosial ağrını çatdırmaq üçün açıq-saçıq səhnəyə ehtiyac yoxdur. Bir çox "Oskar" alan filimlər var ki, orda intim səhnələr yoxdur. Tamaşaçıya çatdırılacaq mesaj tamam başqa bir şeydir. Açıq-saçıq səhnə sənət göstəricisi deyil.

- Hansı arzularla yaşayırsınız?

- İnsanın arzuları tükənmir. Amma hərdən elə olur ki, deyirsən, arzun yoxdur. Ola bilsin, yorğunluq dövrüm olur. Təbii ki, istəyim var. Düşünürəm ki, filmlərdə gözəl rollar oynayacağam. Bir də teatra qayıtmayacağam. Teatra qayıtmayacağam o demek deyil ki, heç vaxt teatrda oynamaram. Yəqin ki, bu baş verə bilər, dəvətlə hansısa tamaşada oynamağı istisna etmirəm. Düşüncəm hələ budu. Deyilənə görə, pisixoloji obrazlar yarada bilirəm. Aktrisa, aktyor verilən tapşırığı yerinə yerirmək iqtidarında olmalıdı. Yüz faiz hansısa obrazı oynamaq fikrim yoxdu. Məndə belə bir şey yoxdu ki, verilən obrazı oynaya bilməyim. Mən özümə -daxilimə çox inanıram. Bu sənətin sahibi olduğum üçün də çox məmnunam, çətin, maraqlı, qeyri-adidir yaradıcı insan olmaq.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR