Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” jurnalının 2015-ci ildə ikinci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatla çap olunmuş jurnalın bu nömrəsi aprel-iyun aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik” sözləri ilə başlanır.
Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsini öyrənirik”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.
Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, Prezident İlham Əliyevin Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsi, Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü münasibətilə paytaxtda təşkil olunan Gül bayramında, dahi rəhbərin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı ilə bağlı xəbərlər yer alıb. Bu bölmədən, həmçinin dövlətimizin başçısının birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış, eləcə də “Bakı-2015”də qələbə qazanmış idmançılarımızın mükafatlandırılması mərasimlərində iştirakı, Binəqədi rayonu ərazisində yanğının baş verdiyi çoxmərtəbəli binanın yerləşdiyi ərazidə olması barədə ətraflı məlumat verilib.
Zakir Qaralovun Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin edilməsi barədə Milli Məclisin qərarı və Prezident İlham Əliyevin müvafiq Sərəncamı da “İctimai-siyasi tədbirlər” bölməsində oxucuların diqqətinə çatdırılır.
Jurnalın “Rəsmi tədbirlər” bölməsində Baş Prokurorluqda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbirlər barədə məlumatlar, “Azərbaycan Respublikasının Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyətinə verdiyi töhfələr və görülən işlər yüksək qiymətləndirilmişdir”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması diqqət mərkəzində saxlanılır”, “Bakıda Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib” sərlövhəli yazılar yer alıb.
“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsini öyrənirik” bölməsində Avropa Şurasının təsis etdiyi hüquqşünasların insan hüquqları üzrə tədrisinə dair Proqramının (HELP) “e-learning” elektron tədris (məsafəli tədris) kursları sərlövhəli yazı oxuculara təqdim olunub.
Ümumilikdə, nəşrdə Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, eləcə də bu qurumun beynəlxalq əlaqələri barədə də geniş yazılar və digər mövzularda məqalələr toplanıb.