Bakı, 28 avqust, AZƏRTAC
Liviya sahilləri yaxınlığında qanunsuz mühacirləri daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 50 nəfər həyatını itirib. Onların köməyinə İtaliya və Liviya sahil mühafizəsi xidmətinin, həmçinin Avropa İttifaqının mühacirlərin xilas olunması əməliyyatlarında iştirak edən digər ölkələrin gəmiləri gəlib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, həyatını itirən insanların cəsədləri Liviyanın paytaxtı Tripoli şəhərinə çatdırılıb. Bundan başqa, 200-ə qədər insan itkin düşmüş sayılır. Xilasetmə əməliyyatları davam edir.
Avqustun 27-də axşam saatlarında Liviya sahil mühafizə xidməti batan gəmidən 200-dən artıq insanı xilas edib. Onların 147 nəfəri Tripoli ətrafında qanunsuz mühacirlərin qəbulu mərkəzlərinə yerləşdirilib.
Mühacirlərin əksəriyyəti həddən artıq yüklənmiş gəmilərdə dözülməz şərait, digərləri isə qəzalar səbəbindən həlak olur.
Bu ərəfədə Avropa İttifaqının proqramı çərçivəsində fəaliyyət göstərən İsveç gəmisi Palermo limanına xilas edilən 430 nəfərdən artıq mühacir çatdırıb. Onlarla yanaşı, limana 50 cəsəd də gətirilib. Humanitar təşkilatların nümayəndələrinin məlumatına görə, həlak olanların əksəriyyəti qadın və uşaqlardır.
Xatırladaq ki, təkcə avqustun 25-də Siciliya boğazında əksəriyyəti Afrika və Yaxın Şərqdən olan 3 mindən artıq qanunsuz mühacir xilas edilib. İlin əvvəlindən bəri isə təkcə İtaliyaya dəniz vasitəsi ilə 100 mindən artıq mühacir daxil olub. Həmin dövr ərzində "ölüm yolu" adlandırılan marşrutda 2300 nəfərdən çox insan həyatını itirib.