Xalq artisti Yasin Qarayevin Milli.Az-a müsahibəsi.
Dosye: Xalq artisti, Prezident mükafatçısı Yasin Qarayev 1946-cı il mayın 22-də anadan olub.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Teatrın səhnəsində qoyulan Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir əsərlərində, teletamaşa və filmlərdə ən müxtəlif obrazlarda çıxış edib və etməkdədir.
Yasin Qarayevlə söhbətimiz teatr aləminin, konkret olaraq, Gənc Tamaşaçılar Teatrının dünəni ilə bu günü arasında paralellər, teatr anlayışının formalaşmasında müstəsna xidmətləri olmuş aktyor və rejissorlar haqqında xatirələr üstündə quruldu:
"Bir də görürsən ki, hansısa mötəbər məclisdə cəmiyyətdəki statusundan asılı olmayaraq, müxtəlif adamlar belə bir fikir yürüdürlər ki, tamaşalar baxımsızdır... Az qalıram, onlara sual verəm ki, axırıncı dəfə hansı tamaşaya baxmısınız, hansı teatrda olmusunuz? Yəqin ki, heç xatırlaya bilməzlər. Və yaxud da danışırlar ki, teatr batıb. Niyə batıb? Yox, batmayıb. Belə əsassız sözü necə demək olar? Amma əlbəttə, teatrın inkişafını izləyən, teatrı sevən insanlar da az deyil. Konkret olaraq öz teatrımızdan danışıb onu demək istəyirəm ki, bu teatrın özünün dəst-xətti var. Mən 41 ildir, bu teatrın aktyoruyam. Əvvəla, hər bir aktyora arzu edirəm ki, 41 il səhnədə olsun. Mən bu teatra qədəm qoyanda bu səhnədə Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, Susanna Məcidova, Məxfurə Yermakova, Firəngiz Şərifova, Ağaxan Salmanlı, Tariyel Qasımov kimi sözün həqiqi mənasında mötəbər, böyük aktyorlar var idi. Və nə yaxşı ki, Ağaxan Salmanlı ilə Tariyel Qasımov indi də fəaliyyətdədirlər. Həmçinin Lətifə Əliyeva, Almaz Mustafayeva, Sona Babayeva. Biz hamımız bu teatrın özəl dəst-xəttinə yaxşı bələd olan aktyorlar kimi gənc aktyorlara çox mətləblər danışa bilərik. Məsələn, mən hesab edirəm ki, Hüseynağa Sadıqovun özünün teatr məktəbi var idi. Onun sənətkarlığı bu səviyyəyə gəlib-çatmışdı. O, səhnəyə çıxırdı, 350-400 nəfər uşaq toplaşmış zalla 45 dəqiqə elə işləyirdi ki, onu görmək lazım idi, sözlə çatdırmaq mümkün deyil. "Uşaq və buz" şeirini uşaqların özünə xorla dedizdirirdi, özü də onlarla birlikdə deyirdi, həm də şeirin yumoristik formasını hazırlamışdı, uşaqları yaxşıca güldürürdü. Bunu sırf bu teatrın aktyoru olan Hüseynağa Sadıqov eləyə bilərdi. Məhz belə aktyorlar bu teatrın öz yolunu qoya, öz irsini yarada bilərdilər. İndi o zirvəyə, o parlaqlığa çatmış aktyor, demək olar ki, yoxdur. Düzdür, gənclər, orta nəslə mənsub aktyorlar arasında o zirvəyə çata biləcək aktyorlar var. Amma hər halda zaman lazımdır ki, zirvənin, parlaqlığın ötəri olmadığı özünü doğrultsun. Məsələn, Yusif Vəliyevlə bir sıraya heç bir aktyoru qoya bilmərəm. Amma ümid var ki, məsələn, Qurban İsmayılov onun saldığı yolun cığırına düşüb o zirvəyə çata bilər. Nicat Kazımov, Elşən Rüstəmov istedadlı, bacarıqlı gənclərdir. Elşən Çarhanlıda, o dövrdə bizdə Osman Hacıbəyov var idi, həm yumoristik, həm dramatik rolların ustası idi, onun aktyorluq çalarlarını görürəm".
Dəst-xətt məsələsinə gəldikdə qeyd etməmək olmur ki, teatrın sonrakı dövrünün siması xələfi olduğu dövrün simasından o qədər də uğurlu olmayan kənara sıçrayış şəklində idi. Teatr tarixinin əvvəlki dövrü haqqında kitablardan, söhbətlərdən məlumatlanıb sonrakı dövrünün şahidi olan hər kəs bu müqayisəni apara bilər. Və məhz belə bir şəraitdə Gənc Tamaşaçılar Teatrına həm bir-birindən, həm də xüsusilə bu teatrdan fərqli, hər birinin öz yeri, öz çəkisi olan iki teatr - Dövlət Gənclər Teatrı ilə Bakı Kamera Teatrı - birləşdirildi. Yasin Qarayev bu birləşmənin necə qəbul olunması və indiki mərhələsi barədə də fikirlərini bölüşdü:
"Əlbəttə, mətbuatda olan adam kimi siz bütün o prosesləri məndən yaxşı görüb izləyə bildiniz. Əvvəla, bu teatrların üçü də bir-birindən yaxşı mənada fərqli teatrlardı. Təbii ki, 80 ildən çox ənənəsi olan bir teatra iki gənc və bu dərəcədə fərqli teatrın birləşməyi reaksiya doğurmaya bilməzdi - bu qərar çox çılğınlıqla qarşılanmışdı. Və çıxış edənlərdən biri də mən idim. Onunla razı deyildim ki, bu teatra gələn gündən buranın ənənəsini yaratmış, formalaşdırmış, təməl daşını qoymuş sənətkarlarla təmasda olmuş, onlardan öyrənmiş, dediklərini "qulağında sırğa eləmiş" kəslərə sonradan gələnlər öz mövqelərini, öz dünyagörüşlərini, öz zövqlərini diktə eləməli idilər. Amma zaman öz işini gördü, uyğunlaşma, bir-birimizə, mövcud, duruşmuş məkana köklənmə baş verdi, musiqidə olduğu kimi teatrda da köklənmə baş verməlidir. Bunu suqovuşanda Kürlə Arazın bir xeyli bir-birindən ayrı axıb, yavaş-yavaş qovuşub Xəzərə tökülməsinə bənzətmək olar. Bu teatrların birləşməyinin müsbət halı ondan ibarətdir ki, potensial imkanımız çoxaldı. Çünki kollektiv böyüdü. Hətta belə böyük potensiala malik olan yeganə teatrdır - "ana teatr" adlandırılan, sözün düzü, mən bu "ana teatr" ifadəsini başa düşmürəm, "Azdrama"nın bir çox tamaşalarının hazırlanmasına bizim teatrın aktyorlarını dəvət edirlər".
Gənc Tamaşaçılar Teatrına son dərəcə bağlı olan Yasin Qarayev özünün başqa teatrlarla əməkdaşlığından bəhs etməyə uzaq illərdən başladı. Hazırda digər bir teatrın hansısa tamaşasında iştirakına münasibət bildirəndə isə dedi ki, yaş artıq o yaş deyil. İrəvan Teatrının səhnəsində qoyulan "Dul Alı" tamaşasındakı işini isə uğurlu hesab edir.
"Hələ 19 il əvvəl rəhmətlik Həsənağa Turabov mənim burada keçirilən yubileyimdə birinci sırada əyləşmişdi. Yubiley gecəsi qurtaranda mənə dedi ki, bu, təkcə sənin yubileyin deyildi, bütün Azərbaycan teatrının yubileyi idi. Tədbirin ab-havası, quruluşu çox xoşuna gəlmişdi, bu cür təsir eləmişdi ona. Ondan sonra həmişə məni "Azdrama"ya dəvət edirdi. Nəsə istəmədim. Rəhmətlik Siyavuş Aslan isə ondan da əvvəl, haradasa 30 il əvvəl məni "Muskomediya"ya dəvət edirdi. Mən də deyirdim ki, gələrəm, amma o teatra sən rəhbərlik etsən. Bir gün yenə belə bir söhbətimiz oldu, dedi ki, artıq gələ bilərsən. Sən demə, bu, onun "Azdrama"ya keçdiyi vaxt imiş. Mənim də bundan xəbərim yox, sənədlərimi topladım, özümlə də İsi Məlikzadənin "Gəl, qohum olaq" pyesini götürüb getdim "Muskomediya"ya. Yeri gəlmişkən, İsi Məlikzadə o pyesi mənim üçün yazmışdı. "Muskomediya"nın musiqi rəhbəri rəhmətlik Həsənağa Qurbanov da o pyesə musiqi bəstələmişdi, tamaşada mənim mahnılarım da var idi. Həsənağa Qurbanovla televiziyadan da tanış idik - mən "Birimiz - hamımız", "Xoş gördük, tələbə!" verilişlərinin daimi iştirakçısı, o isə daimi musiqi müşayiətçisi kimi. "Muskomediya"nın baş rejissoru və bədii rəhbəri isə o vaxt rəhmətlik Vaqif İbrahimoğlu idi. Direktor da Siyavuş Aslan. Nə isə, mən sənədlərimi "Muskomediya"nın truppasına daxil olmaq üçün hazırlayan vaxt soruşdular ki, nə əcəb Gənc Tamaşaçılar Teatrından buraya keçirsən, sənin ki orada işlərin yaxşı gedir? Mən də sizə danışdığım kimi cavab vermişdim ki, bəs Siyavuş Aslanla əhdi-peymanımız var. Dedilər ki, Siyavuş Aslan artıq "Azdrama"da işləyir... Belə qəribə situasiyaya düşmüşdüm. Əliqismət Lalayev də direktor təyin olunan ilk gün məni o teatra dəvət etdi, dedi, istəyirəm ki, bura hərtərəfli bacarığı olan aktyorları toplayım, yoxsa birinin səsi var, aktyorluğu yoxdur, o birinin aktyorluğu var, səsi yoxdur... Dedim ki, axı mən Gənc Tamaşaçılar Teatrının aktyoru kimi "xalq artisti" fəxri adı, "Qızıl Dərviş" mükafatı almışam, prezident mükafatçısıyam, mənə deməzlər ki, niyə gedirsən?" Yasin Qarayevi səhnədə görəndə ilk, ən qabarıq təəssürat ondan ibarət olur ki, o, səhnəni sevir, səhnə də onu. Bu qarşılıqlı sevgi təkcə Gənc Tamaşaçılar Teatrının səhnəsinə yox, ümumiyyətlə, geniş mənada səhnəyə aiddir. Deyir, bu, ona bənzəyir ki, insanlar bir neçə on il evlidirlərsə, deməli, onların belə uzun müddət bir yerdə yaşamalarının möhkəm zəmini, davamlı bağlılığı var və səhnə ilə də belədir. Başqa teatra müvəqqəti də olsa keçməyi öz teatrına xəyanət kimi qəbul edir. Bu teatrın da heç zaman ona xəyanət etmədiyini deyir:
"Yox, bu teatr heç vaxt mənə xəyanət etməyib. Bu gün də bu münasibət davam edir - qarşılıqlı qayğı, hörmət, diqqət. Təbii ki, duymağı, düşünməyi bacaran, üstəlik də yaradıcı işlə məşğul olan insan üçün belə münasibət çox xoş və vacibdir. Düzdür, iş prosesində elə cəhətlər əmələ gəlib ki, şəxsən mən onlarla razı deyiləm. Məsələn, tamaşaların bir aya hazırlanmasını düzgün saymıram. Ümumiyyətlə, əvvəlki iş üsulunu düzgün sayıram - bir tamaşa ən azı 2 aya hazırlanırdı. Məncə, bu düzgündür, çünki personajın xarakterini açmaq, yerişini, oturuşunu-duruşunu tapmaq, filan replikanın qarşılığında niyə məhz filan replikanın deyilməsinin səbəbini anlamaq üçün vaxt, davamlı məşqlər lazımdır, bunlarsız əzbərçilik alınır. Xüsusən nəzərə alsaq ki, hər əsər, məsələn, İsi Məlikzadənin əsərləri kimi aktyor üçün rahatlıq yaradan, personajların kimliyini tam açıb göstərən dillə qələm alınmayıb və deməli, bütün bunları aktyor özü axtarıb-tapmalıdır, ona görə məşqlərin çoxluğu məqsədəuyğundur. Bizdə ən uzun məşq edən rejissor rəhmətlik Hüseyn Sultanov idi. İndi Vaqif Əsədov belə rejissor kimi tanınır, çünki köhnə "şkola"nın adamıdır. (gülərək) Hətta Loğman Kərimov buna aid belə bir zarafat da eləmişdi. Müqavilə sistemi təzə tətbiq olunmağa başlayanda demişdi ki, məsələn, Vaqif Əsədovun tamaşasında məşğul olan aktyor bolluca qonorar ala bilər.
Bayaqkı məsələyə qayıdıb demək istəyirəm ki, bir müddətliyə başqa teatrda işləməyi də belə qəbul edirəm - sanki bu teatr mənim ailəmdir, ailəmə xəyanət edib başqa ailəyə gedirəm, sonra yenidən qayıdıram. Ola bilər ki, düzgün müqayisə deyi, amma mən bunu belə başa düşürəm, ona görə başqa teatra getmək, sonra buraya qayıtmaq mənə bir az qəribə görünür. Yəqin ki, uzun müddət burada çalışdığıma, bir az əvvəl adlarını çəkdiyim sənətkarların ruhuna hörmətdən yaranan bir hissdir. Hətta düşünürəm ki, o iki teatr buraya birləşəndə onların ruhları incidi. Çünki bəziləri mətbuatda, televiziyada onların ruhlarını təhqir edən çıxışlar eləmişdilər. Özləri də indi burada çalışırlar. Mən onların yerinə xəcalət çəkirəm".
Samirə Behbudqızı
Milli.Az






















