Bakı, 1 sentyabr, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyinin mayın 1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Kənd turizminin inkişafında bələdiyyə və yerli əhalinin fəallığının artırılması tədbirlərinin təşkili" layihəsi başa çatıb.
“Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində Astara, Lerik, Yardımlı və Lənkəran rayonlarında ümumilikdə 8 bələdiyyə ərazisində kənd turizmi istiqamətində məlumatlandırma tədbirləri keçirilib və təlim proqramında iştirak üçün xüsusi ərizə formaları iştirakçılara paylanılıb. Rayon icra hakimiyyətlərinin yaxından köməyi ilə təşkil olunan tədbirlərdə 180 nəfərdən çox yerli sakin, eləcə də bələdiyyə üzvləri və sahibkarlar iştirak ediblər.
Sonrakı mərhələdə “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov tərəfindən Lerik rayonunda üçgünlük təlim və təcrübə proqramı keçirilib, sonda iştirakçılara sertifikatlar verilib.
Bundan başqa, layihənin davamlılığını təmin etmək üçün bu rayonlarda kənd turizmi sahəsində fəaliyyət göstərən bir sıra evlər haqqında məlumat bazası hazırlanaraq www.southtourism.az saytında “Evlər” menyusunda yerləşdirilib.
Layihənin məqsədi cənub regionunda bələdiyyələrin və yerli əhalinin fəallığını artırmaqla kənd turizminin inkişafına dəstək olmaqdan ibarətdir.