Culfa, 1 sentyabr, AZƏRTAC
Muxtar respublikanın bütün təbii ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolu nəzərə alınaraq kompleks tədbirlər həyata keçirilib, yeni istehsal və xidmət sahələri yaradılıb. Belə istehsal sahələrindən biri olan və “Nəqşi-cahan Holdinq” Şirkətlər Qrupunun Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac potensialını artırıb.
AZƏRTAC xəbər verir ki, illik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan müəssisədə istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır.
Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün iki 12 tonluq və bir 6 tonluq avtosisternlərdən, eləcə də soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan, İsveçin “SKAYNA” firmasının istehsalı olan iki çəkici avtomaşından və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik iki avtosisterndən səmərəli istifadə edilir. Nəticədə istehsal olunan məhsul sifarişçilərə vaxtında çatdırılır.
Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. Xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə, istehsal olunan karbon qazının, quru buzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur.
Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Elə bu səbəbdəndir ki, müəssisənin məhsullarına tələbat artır, quru buz sifarişə əsasən Bakı şəhərində fəaliyyət göstərən şirkətlərə də göndərilir.
Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” MMC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu göstərici 40-ı ötüb.
Hazırda müəssisədə tələbata uyğun olaraq istehsal edilən məhsulun 34 faizi muxtar respublikada, 66 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir.