[ 07 Sentyabr 2015 15:08 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda soyğunçuluq və oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Sultan Sultanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulub.

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 5-də Nilufər Əliyevanın qızıl sırğasını soyğunçuluq yolu ilə almış şəhər sakini Zəki Quliyev saxlanılıb.

Suraxanı və Biləsuvar rayonlarında isə oğurluqda şübhəli bilinən şəxslər tutulub. Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 2-də İbrahim Salayevin mobil telefonunu oğurlamış Bakı şəhər sakini Heydər Əmrahov tutulub.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il dekabrın 4-də Mətanət Səlifovanın evindən 250 manat pul və qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini Xanımgül Təhməzova saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.