Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov çıxış edərək avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə aidiyyəti nazirlik və təşkilatlara konkret tapşırıqlar verildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində də tədbirlər planı hazırlanıb, əhaliyə keyfiyyətli xıdmət göstərilməsi üçün tibb müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunması xüsusi nəzarətə götürülüb.
Kollegiya iclasında nazirliyin maliyyə-iqtisadiyyat sektorunun müdiri Fatma Zeynalovanın məruzəsi dinlənilib, rayon mərkəzi xəstəxanalarının, dispanserlərin baş həkimləri çıxış ediblər. Qeyd olunub ki, payız-qış mövsümündə səhiyyə müəssisələrinin ahəngdar işini təmin etmək məqsədilə görüləcək işlər və onların icrasına cavabdeh şəxslər müəyyənləşdirilib. Tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin qazanxanalarında istilik sisteminin vəziyyəti yoxlanılıb, mövcud nasazlıqların aradan qaldırılmasına başlanılıb.
Habelə təcili yardım avtomobilləri texniki baxışdan keçirilib və hazırda müvafiq təmir işləri aparılır.
İclasda ucqar dağ kəndlərində həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin qışa hazırlıqla əlaqədar dərman təchizatının yaxşılaşdırılması, şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli xidmət göstərmək üçün alınacaq mal-materialların bölgü əsasında tibb müəssisələrinə paylanması üçün konkret vəzifələr müəyyənləşdirilib.