Bakı, 10 sentyabr, AZƏRTAC
"Azercell Telekom" MMC-nin Mobil Göz Klinikası sosial layihəsi çərçivəsində bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikası aparılıb, onların hərtərəfli müayinəsi təşkil olunub, həmçinin, ahıllar və aztəminatlı ailələrə xidmət göstərilib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, 2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyədək 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. "Azercell"in bu təşəbbüsünün uğurlu nəticələrinə görə, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıb. Təkcə bu ilin son 7 ayında layihə çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir. Eyni zamanda, klinikada son 7 ay ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb.
Fəaliyyət göstərdiyi 4 ildə layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. "Azercell"in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.