Bakı, 12 sentyabr, AZƏRTAC
Moskva Dövlət Universitetinin “MAXPRESS” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin və institutun coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” adlı monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə Böyük Qafqazda təhlükəli təbii və antropogen geomorfoloji proseslərin inkişafı, onların qiymətləndirilməsi və yaranan riskin idarə olunması ilə bağlı ekogeomorfoloji problemlər geniş əhatə olunub, təhlükə və risklərə görə tədqiq olunan ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılıb. Əsərdə sürüşmə, uçqun, sel və s. kimi təhlükəli geomorfoloji proseslərin mənşəyi, dinamikası, ərazi üzrə yayılması və nəticələri təhlil olunur, ekogeomorfosistemlərə antropogen təzyiq və onun nəticəsi olaraq müasir landşaft-geomorfoloji geosistemlərin transformasiyasına xüsusi diqqət verilir. Təhlükə və risklərin artdığı şəraitdə dağ geosistemlərinin dayanıqlı inkişafının müasir metod və üsullarla tədqiqi problemi təhlil edilir.
Monoqrafiya geomorfologiya, geologiya, ekogeomorfologiya, landşaftşünaslıq üzrə, o cümlədən dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulub.