Bakı, 14 sentyabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasında dördüncü turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da “Qarabağ” komandası “Xəzər-Lənkəran”ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Samuel Armenterosun vurduğu yeganə qol “Qarabağ”a qələbə qazandırıb – 1:0.
“Kəpəz” və AZAL komandaları isə Gəncə şəhər stadionunda üz-üzə gəliblər. Görüş “Kəpəz”in minimal üstünlüyü ilə başa çatıb və Gəncə təmsilçisinin heyətində Dario Federiko fərqlənib.
“Bayıl Arena”da “Rəvan” komandası “Neftçi”ni qəbul edib. Paytaxt derbisində “Neftçi” komandası 3:1 hesabı ilə qalib gəlib. “Rəvan”ın qolunu Nicat Muxtarov vurub, rəqib komandanın heyətində Fəhmin Muradbəyli dubl edib, Rəhman Hacıyev bir dəfə fərqlənib.
“Kapital Bank Arena”da keçirilən “Sumqayıt”–“Zirə” oyununda isə hesab açılmayıb.
“İnter Arena”da “Qəbələ” komandasını qəbul edən “İnter” rəqibini 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Dieqo Martins dubl edib, rəqib komandanın heyətində isə Aleksey Antonov qolun müəllifi olub.
Hesabında 10 xal olan “Qarabağ” turnir cədvəlinin vahid lideridir. Yeddi xala malik olan “İnter” və “Qəbələ” komandaları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.