Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən - elmi işlər üzrə direktor müavini Zakir Əliyev qızıl medala layiq görülüb.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, Azərbaycanda şorlaşmaya məruz qalmış torpaqların səmərəliliyinin artırılması, torpağın struktur dəyişməsi, suvarmanın avtomatik idarə olunması sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə aparılan aqrar islahatlarda yaxından iştirakına, aqrar elmləri tarixində göstərdiyi xidmətlərinə görə AMEA-nın Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Əliyev Zakir Hüseyn oğlu “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Mükafatı “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının məsul nümayəndəsi Sahilə Mirzə qızı təqdim edib.
