Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevin "Pollinq sisteminin optimallaşdırılması əsasında kompyuter şəbəkələrinin monitorinqinin effektivliyinin artırılması" mövzusunda məqaləsi Rusiyanın "İnformaçionnıe texnoloqii" jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə kompyuter şəbəkələrinin (KŞ) monitorinqinin effektivliyinin artırılması üçün metodologiya təklif edilib. Əsas məqsəd mövcud şəbəkə resursları çərçivəsində KŞ-nin şəbəkə qovşaqlarının monitorinqinin optimallaşdırılmasından ibarətdir. Lakin müasir KŞ-lər çox mürəkkəb və qeyri-müəyyən sistemlər olduğu üçün onların determinik modellər şəklində təsviri çətinləşir. Buna görə də, pollinq sistemi modelinin istifadəsi təklif edilir və onun optimallaşdırılması nəticəsində KŞ-nin monitorinqinin optimallaşdırılmasına nail olunur.