Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) İslam Əməkdaşlıq Ölkələrinin Yüksək Texnologiyaların İnkişafına Dəstək Assosiasiyasının sədri Məcid Zənquyi ilə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, İnformasiya Texnologiyalarının İstifadəçi və İstehlakçıları İctimai Birliyinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov arasında görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd islam ölkələrinin elm və təhsil müəssisələri, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi, elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin təşkilidir.
M.Zənquyi rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən söz açaraq qurumla Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərinin texnoparkları, sənaye və rabitə nazirlikləri, Qazaxıstanın Almatı şəhərinin texnoparkı, həmçinin Malayziyanın Putra Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, Azərbaycanın müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq yaxın gələcəkdə İran, Türkiyə və Azərbaycanın iştirakı ilə konfransların təşkilinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin prioritet məsələlərdən olduğunu
qeyd edib. İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən direktor informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açıb. Birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.