Bakı, 14 sentyabr, AZƏRTAC
2016-cı il üzrə Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) regional mərkəz və nümayəndəliklərinin rəhbərləri arasında görüş keçirilib.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mingəçevir, Şəki, Gəncə, İsmayıllı, Lənkəran, Qusar və Şəmkir Regional Debat Mərkəzləri təmsil olunub.
Görüş təşkilatın regional mərkəz və nümayəndəliklərinin strateji planlarının nəzərdən keçirilməsi, yeni mövsüm üçün fəaliyyət planının tərtib olunması məqsədilə keçirilib.
Görüş zamanı mərkəz və nümayəndəliklərin rəhbərlərinin ötən mövsümdə görülmüş işlərlə bağlı çıxışları dinlənilib. Daha sonra mərkəz və nümayəndəliklərin fəaliyyəti təhlil olunub, yeni mövsüm üçün fəaliyyət planı tərtib olunub.
İclasda çıxış edən DVC-nin Proqram Meneceri Canoğlan İlyasov yeni mövsümdə təşkilat tərəfindən regionlarda silsilə debat tədbirlərin keçiriləcəyini vurğulayaraq bildirib ki, Azərbaycan gənclər siyasəti bütün dünyada uğurlu təcrübə kimi tanınır. Hər il on minlərlə gəncin maarifləndirilməsini təmin etməklə gənclər siyasətinə töhfə verən Milli Debat Proqramı DVC-nin əsas istiqamətlərindən biridir. Proqram çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən Respublika Gənclər Debat Forumunun minlərlə gənci bir araya gətirəcəyi və regionlarda bir sıra kütləvi debat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulub.
Sonda, iclasda iştirak edən DVC nümayəndəliklərinə akkreditasiyanın 1 il uzadılmasına dair sertifikat təqdim olunub.
Qeyd edək ki, bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak edib.