Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Astara magistral qaz kəmərləri sahəsində “Mümkün fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, Astara rayon mülki müdafiə xidmətləri ilə qarşılıqlı fəaliyyət” mövzusunda məşq keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məşqdə Astara magistral qaz kəmərləri sahəsinin şəxsi heyətinin, rayon Polis İdarəsinin, Yanğından Mühafizə İdarəsinin, eləcə də Mərkəzi Xəstəxana, Gigiyena-Epidemiologiya Mərkəzi və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Məşq zamanı şərti olaraq işçilərin təxliyyəsi, yanğının söndürülməsi, təxribat qrupunun zərərsizləşdirilməsi, magistral qaz xətlərində qəza bərpa işlərinin aparılması və xəsarət alanlara ilkin tibbi yardım göstərilərək onların tibb müəssisələrinə göndərilməsi əməliyyatları baş tutub.
Məşq “Qaz İxrac” idarəsinin rəhbərliyi tərəfindən izlənilib və şəxsi heyətin hazırlığı müsbət qiymətləndirilib.