Bakı, 15 sentyabr, AZƏRTAC
Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “Avropa və Mərkəzi Asiyadan olan Beynəlxalq İşəgötürənlər Təşkilatı (BİT) üzvlərinin illik toplantısında” Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri iştirak edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bizneslə məşğul olma imkanları və xərcləri, Avropa İttifaqı (Aİ) ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməkdaşlığı, sahibkarlar üçün inkişaf və çağırışların yeni yanaşmaları, sənaye əlaqələri, yeni inkişaf istiqamətləri, qlobal təchizat zənciri, gələn ildə keçiriləcək BƏT konfransındakı müzakirələrə hazırlıq, vacib milli təşəbbüs və inkişafın yenilənməsi mövzularında çıxışlar dinlənilib.
Tədbir zamanı Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında bir çox təşkilatların nümayəndələrinə məlumat verilməklə yanaşı, gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb. İllik toplantıda məlumat verilib ki, Beynəlxalq İşəgötürənlər Təşkilatının ilk qlobal sammiti Bəhreyn Ticarət və Sənaye Palatasının ev sahibliyi ilə oktyabrın 6-7-də Bəhreyn Krallığında keçiriləcək.