Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsinin yekun konfransı təşkil ediləcək.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, konfransda rəsmi şəxslərin, gənclər təşkilatlarının rəhbərləri və fəallarının, mətbuat nümayəndələrinin iştirakı gözlənilir.
Layihənin hesabatının dinləniləcəyi konfransda üç rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq.
ARGTMŞ-ın baş katibi Seymur Hüseynov qeyd edib ki, Şura daim yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan gənclərinin qərarvermə prosesində iştirakına imkan yaradıb. Təşkilat tərəfindən bu istiqamətdə keçirilən tədbirlərdən biri olan “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində üç regionda keçirilən teatr əsaslı təlimlər vasitəsilə gənclər təlimləndirilib və öz təkliflərini vermək imkanı əldə ediblər. Təkliflər əsasında hazırlanan bəyannamə Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq. Bu bəyannamənin cari il sentyabrın 25-28-də Nyu-Yorkda keçiriləcək BMT sammitinə təqdim edilməsi üçün təklif ediləcək.
Konfrans cari il sentyabrın 22-də “ADA” Universitetinin akt zalında keçiriləcək. Konfransda www.youthvoice.nayora.az ünvanında qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.
“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi gənclərin potensialını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir.
İyul ayında start verilən layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında keçirilib.