Bakı, 16 sentyabr, AZƏRTAC
“Elektron Hökumət” portalı tərəfindən avqust ayı ərzində təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) birinci yerdə qərarlaşıb.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, “Elektron hökumət” bülletenində cari ilin avqust ayında dövlət qurumları üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunub. Məlumatda 43 qurum tərəfindən göstərilən 258 elektron xidmətdən, ümumilikdə 1237100 dəfə istifadə olunduğu bildirilir.
Elektron xidmətlər arasında TQDK namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu (1-ci yer, istifadə sayı: 263732), namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatın internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi (2-ci yer, istifadə sayı: 189698), abituriyentlərin, bakalavrların, namizədlərin ərizələrinin onlayn qəbulu (7-ci yer, istifadə sayı: 58831), TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı (20-ci yer, istifadə sayı: 5607) layihələri ən çox istifadə olunan layihələr kimi qeyd olunub.
Həmin məlumatda, həmçinin TQDK-nın təqdim etdiyi 15 elektron xidmət üzrə istifadəçi sayına görə də birinci yerdə göstərilib. Belə ki, TQDK-nın elektron xidmətlərindən avqust ayında 524303 dəfə istifadə olunub.