Bakı, 17 sentyabr, Elşad Qəzvini, AZƏRTAC
Mühacir axınına tab gətirə bilməyən Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin rəhbəri Manfred Şmidt tutduğu vəzifədən istefa verib.
AZƏRTAC “DPA” agentliyinə istinadla xəbər verir ki, M.Şmidt şəxsi səbəblər üzündən istefa ərizəsi yazıb. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2010-cu ildən miqrasiya idarəsində rəhbər post tutan M.Şmidt bu müddətdə vəzifəsini nöqsansız icra edib.
Lakin ekspertlərin fikrincə, Daxili İşlər Nazirliyinin bəyanatı heç də reallığı əks etdirmir. Bildirilir ki, miqrasiya rəhbərinin bu gərgin vaxtda istefaya getməsi heç də təsadüfi deyil. Məmur son həftələrdə ölkəyə kütləvi qaçqın axınından irəli gələn fəaliyyət ləngimələrinə görə Federal hökumət və ictimaiyyət tərəfindən dəfələrlə tənqid olunub. Hazırda onun fəaliyyəti dövründən sığınacaq üçün müraciət edən 270 min mühacirin baxılmayan ərizəsi qalır.