Məsqət, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Oman Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsi iştirak etmək məqsədilə sentyabrın 14-17-də Oman Sultanlığında səfərdə olub.
Nümayəndə heyətini Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında və eyni zamanda Omanda akkreditə olunmuş səfiri Rasim Rzayev müşayiət edib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən verilən məlumata görə, nazir müavini Xələf Xələfov və Oman Xarici İşlər Nazirliyinin diplomatik məsələlər üzrə müavini Əhməd bin Yousef əl-Harsinin həmsədrliyi ilə Oman XİN-in Diplomatik klubunda keçirilmiş siyasi məsləhətləşmələr zamanı iki dost ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, həmçinin ümumi maraq doğuran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Omanın ticarət və sənaye nazirinin müavini Mohsen bin Xəmis əl-Baluşi, mədəniyyət və irs nazirinin mədəniyyət məsələləri üzrə müavini Şeyx Həməd bin Hilal əl-Ma’amari ilə də görüşlər keçirib. Görüşlərdə ticarət və iqtisadi, kənd təsərrüfatı, neft, sərmayə qoyuluşu, turizm və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Həmçinin Azərbaycan nümayəndə heyəti Oman Silahlı Qüvvələrinin muzeyini və Beyt əl-Falaj Qalasını ziyarət edib, habelə Sultanlığın memarlıq abidələri, tarixi əlyazmaları, Oman sivilizasiyasının tarixi mərhələləri və müxtəlif sahələrdə rolu ilə yaxından tanış olublar.
Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlər və səfər barədə məlumatlar Omanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Məsqət