Bakı, 18 sentyabr, Xatirə Cəfərova, AZӘRTAC
Sentyabrın 18-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyi ilə bağlı Bakı Biznes Mərkəzində "dəyirmi masa" keçirilir.
AZӘRTAC xəbər verir ki, “İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər” mövzusuna həsr olunmuş tədbirdə əlaqədar dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak edirlər.
Tədbiri açan Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb.
Qeyd edilib ki, bu qanunla Azərbaycanda ilk dəfə olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilib, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlayıb. İstehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçı hüquqlarını və bu hüquqların müdafiəsi mexanizmini özündə birləşdirməsi baxımından qanun olduqca böyük əhəmiyyətə malikdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 20 illiyi qeyd edilir
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 20 illiyi qeyd edilir